MƏLAHƏT İSMAYILQIZI: “SÜRÜKLƏNƏN BƏŞƏRİYYƏT QADINLA YÜKSƏLƏCƏKDİR!”

SÜRÜKLƏNƏN BƏŞƏRİYYƏT QADINLA YÜKSƏLƏCƏK!
Azdalığı istəmirəm qram- qram…
                                               X. R. Ulutürk.

Neçə- neçə min illərdən ta bu günəcən – kimdir Qadın… Axı Ana- Qadın kəlməsi ən uca dəyərləri –əxlaqı, kamilliyi, insanlığa xas xüsusiyyətlər, keyfiyyətlərii özündə birləşdirib. Analı quzu—xınalı quzu deyiblər, Anasızlığa yiyəsizlik, yetimlik deyiblər.
Azərbaycan Qadını – cəmiyyət və ictimai həyatda, üstəgəl ailədə, asan deyil bu suallara cavab vermək, cavab bulmaq, cavabı var amma qadınları bu cavablar əslində qane etmir. Vaxtilə Cənubi Azərbaycandan olan qarmonçalan Rəhman Əsədullahi öz Anasından, Azərbaycan qadınlarından, onların cəfakeş həyatlarından, ağır zəhmət dolu qarma- qarışıq həyatlarından danışarkən olduqca maraqlı bir fikir söyləmişdir, inanın uzun illər ötsə də bu fikirlər mənim yaddaşımdan çıxmadı, nədən ki, hansı yana çıxdımsa buradakı həqiqətiin inikasını qadınlarımızın həyatında gördüm. Və rastlaşdım : Ana, sən bədbəxtsən, çünki Qadınsan, Ana sən bədbəxtsən, çünki müsəlmansan, Ana sən bədbəxtsən, çünki Azərbaycanlısan “.

Bütün bunlara nəzər salır və düşünürəm, etiraz edənlər olar, inanıram, Azərbaycan qadınlarının axı heç də hamısı lüks vəzifə kreslolarında, ali təhsil müəssisələrində, həkimlər, müəllimlər və s. bunlar kifayət qədərdir. Lakin söhbət ümumən qadınlığın taleyindəki mənhus palasadan gedir.
Sosioloji məngənələrdə boğulan, ərləri—kişiləri tərəfindən ayaqlar altına alınan və sonda lağa qoyularaq istehza obyektinə çevrilən “qadınlar nə vaxtacan əllərinə balta alacaqlar “…cavab çox sadədir, məncə “siz kişilər ailədə yükləri, ağırlığı çiyninizə alanacan, məsuliyyəti hiss edənəcən. Ailənizə, uşaqlarınıza, həyat yoldaşınıza sahib çıxanacan “!
Əlbəttə ki, təkcə bu günün qadınları deyil, Azərbaycan türk xanımlarının keşməkeşli həyatına, uzaq- uzaq zamanlara boylanmaq lazım. Tez- tez fanatcasına cahilliyə bürünmüş , dinin- imanın nə olduğunu anlamayan, kortəbii “palaza bürün, elnən sürün” deyərək həyatlarını zəhər edənləri, həyatı, yaşamağı, özü də insancasına yaşamağı anlatmaq üçün sual edirəm : “Azad Qadın heykəlini görmüsənmi, baxmısanmı, mənasına varmısanmı”?. Yaxud gənc yaşlarında həyatını qayb edən, əsərlərilə Azərbaycan Qadınına möhtəşəm heykəllər qoyan C. Cabbarlının lap belə deyək əsərlərini oxumusanmı, əsərlərdəki qadınların hüquqsuz, acınacaqlı, ürəkağrıdan talelərinə bircə dəfə də olsa ürək ağrıtmısanmı ? “Sevil “ əsəri nə deyir sənin üçün, kimdir Gülüş …
Sevdiyimiz, heyranı olduğumuz ustadlar ustadı M. Füzulinin İlahi Eşqi İnsana, onun Azadlıq istəklərinə söykənmirmi !?. Kərbalanın boz çöllərindən bağlı olduğu kökünün, ocaqlarının həsrətini çəkmək asandırmı, bunlarda azadlıq ideyalarına söykənmirmi…
Füzuli dərd əlindən dağa çıxdı,
Dedilər bəxtəvər yaylağa çıxdı…
Bu hansı dərd idi, orta əsr müsəlman dünyasının xurafatı, azadlıq yanğısını boğulması idi Məcnunu “dəli” edib səhralara saldı… hüquqsuz Leyli cəhalət buxovları ilə zəncirləndi, ev dustağı oldu… Və sonu məlum, bunların hamısı əsrlərlə İnsanlığın Azadlığa olan ehtiyaclarından doğurdu. Dini fanatizmin, cəhalətin buxovları ilə bağlanan qollar və yollar… əlac ancaq ölümə qalırdı və bu da çıxış yolu.
Azərbaycan Qadını və tariximiz… Atasının gözünün nuru olan Tahirə Qürrətüleyn. XIX əsrdə qədim Azərbaycan şəhəri Qəzvində dünyaya gələn bu özəl Xanım – Ana – Qadın savadlı, bilikli zəka sahibi həm də gözəl olduğu qədər də azadmeyilli mükkəmməl bir şəxsiyyət idi. Babilər hərəkatına qoşulmuş və Cənubi Azərbaycanda bu hərəkata başçılıq etmişdir. Tahirə xanım babilərin meydana gətirdiyi Yeni İlahi qaydalara uyaraq İslam Şərqində çadrasını atmış ilk müsəlman qadını olmuşdur. O dövrün tələblərinin ziddinə olaraq minbərə çadrasız çıxır, qadın azadlığı, hüquqları, onların kişilərlə bərabər hüquqlara malik olması tələblərilə çıxış edirdi.
İngilis yazıçısı Eduard Braun “İnqilabi—İran “ kitabında “Gözəl Qürrətüleynin saysız işgəncə və əziyyətlərə məruz qalmasından danışır”. M. Kazımbəy və M. F. Axundov kimi mütəfəkkirlər isə Qadın Azadlığının carcılarından biri kimi öz əsərlərində Tahirə Qürrətüleynin şəxsiyyətini yüksək qiymətləndirmişlər.
Bakıda meydanların birində- Nizami metrosunun qarşısındakı “Azad Qadın “ heykəli və bu heykəl Azərbaycan- Şərq qadının Azadlığının ən bariz nümunəsidir. Tarixin dərin qatlarına endikcə türk xanımlarının çadraya malik olmadığını görürük. Bu xanımların özlərinəxas milli geyimlərə, başlarına isə müxtəlif türk simvollarına əsasən bəzəklərdən, kəlağayılardan, atlazlardan, şallardan istifadə olunduğu məlumdur. Bizim qadınlarımızda, lap elə Göyçə mahalını götürək, çadra, üz- gözü bürümək kimi örtüklər yox idi. Dədə Ələsgərin qoşmalarını xatırlayaq :
Bürüyüb zülfünü başının şalı,
Heratı kəlağay şala yaraşır !
Yaxud,
Əcəb qurşanıbdı incə belinə,
Gümüş kəmər qəddi – dala yaraşır!
Hələ bir qədər irəli getsək Qarabağın incisi M. P. Vaqifin gözəl bir qoşmasını, poeziyanın ən mükəmməlini xatırlıyıram:
Əvvəl gözəllərdə gərəkdir çağlıq,
Ondan sonra ola sadəlik, ağlıq,
Nə ağzında yaşmaq, nə başında yaylıq…
Çirkinlik üzünü bürüyəndədir !
Bunlardı Qadın Azadlığının möhtəşəm tərənnümü- həm gözəllik, həm də bir qadın, Ana kimi dəyərləndirmək. Bu qadına verilən həm dəyərdir, həm də hörmət. O hörmət- izzət ki, Ulularımız, Dədələrimiz tərəfindən verilib. Və bir amili də qeyd etməliyəm ki, çadra, qadını qap- qara bürümək İran və bir sıra ərəb ölkələrinə xasdır. Azərbaycan- Türk qadınlarında bu hal olmayıb. Bir məsələni də unutmayaq baş örtüsü ayrı şeydir, çadra ayrı. Qadın ləçəyinə, baş örtüsünə bizlərdə hər zaman hörmət olmuşdur. Əgər Anaya, qadına hörmət varsa , o yerdə bin- bərəkət də olacaqdır.
Qadın və Azadlıq, nə demək bu azadlıq məfhumu …
Azad – İnsan
Azad – mətbuat, informasiya, məlumat
Azad—seçim, seçmək
Azad – söz, düşüncə, fikir
Azad—müstəqil, suveren
Azadlıq – artıq burada deyim, fikir dəyişir, məfhum dəyişir, şəkilçi sözə yeni məna gətirir. Məs:
Azadlıq Allahımdır.
Azadlıq – yanğımdır.
Azadlıq – simvolumdur.
Azadlıq—Azadlıq adası Kubadır.
Azadlıq– Bakıda prospektdir.
Azadlıq– qiyamdır yaşam uğruna
Azadlıq – üsyandır, etirazdır, İnsan olduğunun təsdiqidir.
Və Azadlıq alovlar içərisində yanan Simurq quşudur. Azadlıq İztirablarıyla yanan Prometeydir.Və bunların hamısı İnsanın yaşamaq yanğısından doğur. Hətta bu yerdə gözəl şairimiz Rəsul Rzanın gözəl bir kəlamını xatırlayıram : “Prometey iztirablarıyla gözəldir”. Azadlığa olan yanğıdan doğan iztirablar. Bilmirəm fikir vermisinizmi, yenilikçi ruhların iztirabları da gözəl olur.
Azadlıq – Rüstəm Behrudiyə görə “Bakıda soyunan qadın heykəlidir “… Və bir də “Azadlıq adası Kubadır”,
Ci Gevara adlı mahnıdır Kubada Azadlıq – necə də möhtəşəm səslənir.
Azadlıq var Vətən üçün istənilir, azadlıq var mənən insan özü üçün istəyir.Bir onu bilirəm ki, bu Azadlıq yaman gözəl şeydir. Uğruna ölümə gedirlər. Bəşəri bir məfhum olan azadlığı bəşəriyyətin yarısı olan Qadınlarımız uğruna əlbət ki, xırdaltmaq istəməzdim. Yəni Vətənimin Azadlığından enib mövhumata qul olan ana- bacılarımızı da düşündürən elə Vətənlə bərabər özlərinin birgə Azadlığıdır.
Doğurdanmı biz qadınlar Azadıq, bax elə bu yerdə məni “ağlamaq” tutur. Nə deyilən şeydir bu azadlıq məfhumu ki, uğruna qanlar tökülür, mübarizələr—müharibələr aparılır ? İstər kişi, istər qadın olsun, bu azadlığın sorağındadır. Tez- tez eşidirik “mən qulam məgər, mən azad insanam “… Maraqlı burası ki, nəinki qız- qadınlarımız, hətta kişilərimiz belə bu gözəl anlayışın sorağındadırlar.
İskir soylu, sak ləyaqətli Tomris Anamız düşmənin — Kirin başını kəsməklə intiqamını almaqda qüdrətliydisə, Sara Xatun oğlu Uzun Həsənin dövlətinin xarici siyasətini məharətlə idarə edirdisə, Tahirə Qürrətüleyn Şərqdə çadrasız minbərə çıxıb öz əqidəsini təbliğ edirdisə, nədən qadınlarımıza fanat cahilliyin hücumları bu günəcən qalmaqdadır ?!.
Bu günlər bir çox müsəlman dünyasının öncüllərini belə Türkün qadınının geyimi maraqlandırırsa, buna cahillik deməyəsən, bəs nə deyəsən? Türk – Azərbaycan qadınına necə geyinməyi öyrətmək lazım deyil, ona inanın, hörmət edin. Qadınlarımıza – Analarımıza qarşı ədəb qaydalarını unutmayaq gəlin.
Tariximizdə ləyaqəti ilə tanınan Tomris Anamız e. ə. VI əsrdə Massaget – sakların hökmdarı, sərkərdəsi olan şahzadə Herodotun “Tarix “ əsərində məhəbbətlə vəsf edilib. Tomrisin Əhəməni hökmdarı Kirin başını kəsməsi hökmdar xanımın Vətən sevgisindən, dövlətinə sədaqətindən, nəhayətində isə oğluna olan Ana məhəbbətindən irəli gəlirdi, ümumən isə bu hamısı Azadlıq yanğısından qaynaqlanırdı. Tarixin neçə — neçə minilliklərindən qəhrəmanlıq və şücaət simvolu kimi əfsanələrə dönərək bir qədər də mifləşən bu tarixi rəvayət sak—massaget türk tayfalarının əsrarəniz tarixində cəsurluq və ləyaqətin simvolu kimi yaşayır. Tomris Vətəni üçün canını belə verməyə hazır olan bir sərkərdə isə, həm də Oğluna vurğun Anadır , Ana intiqamı isə Vətən sevgisilə birləşərək tarixdə bu gözəl xanımı qeyrətin, cəsurluğun simvolu kimi yaşadır .
Anamız Tomrisdən başlayaraq öz şücaəti, ağlı və elmi ilə Makedoniyalı İsgəndəri düşüncələrə qərq edən Bərdə hökmdarı Nüşabə, Eldəgiz Atabəylər xənadanının Möminə Xatunu, Azərbaycan Türk Səfəvi dövlətinin hökmdarı Şah İsmayılın sirdaşı- həmdəmi olan Taclıbəyim Xatun, Qarabağın xarı- bülbül aşiqi Ağabəyim Ağa, o Ağabəyim Ağa ki, Qacarın başının kəsilməsinə ərmağan olaraq atası İbrahimxəlil Xan tərəfindən Fətəli Şaha – İran sarayına göndərilmişdir. Və bu gözəl xanım son gününəcən Qarabağın- Şuşanın xiffətini çəkmiş, öz Azadlıq ruhunu- yanğısını bizlərə gəlib çatan bir beytində olduqca əsrarəngiz ifadə etmişdir :
Əfsus yarım gecə gəldi, gecə getdi…
Heç bilmədim ömrüm
necə gəldi, necə getdi ?!.
Qarabağın, gül – çiçəklər içində dünyaya gəldiyi gözəl Şuşanın, Vətənin, Azadlığının həsrətini çəkən Ağabəyim Ağa Şuşaya məxsus xarıbülbülü Tehranda öz bağında yetirmək istəsə də buna nail olmamışdır. Çünki Vətən dağlarında bitən çiçək İran zülmətində aça bilməzdi.
Eh dünya, azadlıq yanğısı ilə səndən nə canlar keçmədi !
Qadınlardan, onların arzu- istəklərindən, qayğı və problemlərindən danışarkən yalnız öz ölkəmizlə məhdudlaşmaq düzgün olmaz. Dünyanın yaranışından bu günəcən cəmiyyətin, ailənin aparıcı qüvvəsi olan Analar- qadınlar əslində xoşbəxtdirlərmi, təbii bu bir nisbi anlayışdır, hər hansı bir məsələdə olduğu kimi bu məsələdə mütləq deyil.
Çox-çox illər öncə baxdığım və tez- tez xatırladığım bir gürcü filmini (adını unutmuşam ) yenidən xatırlayıram. Onu da qeyd edim ki, əsərdə baş qəhrəman olan jurnalist qadın rolunun ifaçısı özəl, mükəmməl aktrisa Sofiko Çaureli idi. Bir jurnalist kimi təqdim olunan bu xanım cəmiyyətdə tanınan, hörmətə layiq bir şəxsdir. Lakin ailədə problemlərlə üz- üzə qalan, fikrim əlbəttə filmi sizə danışmaq deyil, hətta filmin adını belə unutmuşam. Çoxlarından müsahibələr alan bu jurnalist xanımdan həmkarı müsahibə alarkən ona belə bir sualla müraciət edir : “Axşamlar yatağa uzanarkən çox yəqin ki, sabah nə edəcəyini, kimdənsə alacağın müsahibəni düşünürsən “…
Və bu jurnalist xanımın cavabı hələ illər öncə məni çox heyrətləndirmişdi : – səhviniz var, axşamlar yatağıma uzanarkən məni üzən şey, fikirləşdiyim şey “sabaha nə bişirəcəyəm, yeməyə nə hazırlayacağam “… Bu mükəmməl cavab məncə bütün qadınlığın faciəsidir – məncə.
Və mən daha bundan sonrasını düşünmək istəmirəm, irqindən, dinindən, milliyyətindən asılı olmayaraq dünya xanımlarının düşündüyü problem: “Sabaha nə bişirəcəyəm “, içi mən qarışıq bütün qadınları düşündürən qayğılar və üstəgəl problem, çünki dolabda bir şey varsa…
Əslində sadə görünən bu sualda bəşəri problemlər görünür, bütün dünyanın qadınlarını düşündürən naməlum sabahlardan doğur bu sual : sabaha nə bişirəcəyəm …Artıq özünü qabarıq şəkildə göstərən iqtisadı problemlər, iqtisadı çatışmazlıqlar doğurur bu sualı – sabaha nə bişirəcəyəm…
Və bugünkü Şərq- Suruya, Liviya, İraq, Əfqanıstan, Qazxıstanda baş verən ədalətsiz olaylar. Fikir verdinizmi hamısı müsəlman ölkələridir., bu da bir faciə. Şərq müsəlman qadınlarının acınacaqlı taleləri, çadralara büründürülmüş məşum görünüşləri, məyusluqla baxan, imdad diləyən gözləri, hamısı bir Ana, bir bacı – coluq- cocuqları ilə kapital, pul- para dünyasına min bir qınaqla baxan sınayıcı və ağrılı baxışlar. Bumu sivilizasiyanın əsasını qoyan Şərq ? Əfqanıstandakı son olaylar – ey bədbəxt müsəlman demiyə bilmirəm, nə günahı var bu binəvaların, təkcə siz kişilərə dünyaya uşaqlar gətirmək üçünmü doğulmuşlar ? Nədəndir ki, dünyanın bütün cəfalarını məhz müsəlman qadınları çəkməlidir? Bütün bunların səbəbi xarici və daxili amillər olsa da, bir səbəb göstərəcəyəm, son illər dünyanın ən gözəl, müdrik dini olan İslam dinini bir sıra cahillər ələ keçirib öz iddialarına, ambisiyalarına, əhalini fanatizm adı altında qul etmək, qadınların deyil, kişilərin belə hüquqları əlindən alınmışdır. Belə “dırnaqarası “ qurduğunuz dövlətlər sonda xristian dunyasının əlilə başınıza çökür. Var- dövlətini, xəzinəni, yeraltı, yerüstü sərvətlərini sorub aparırlar. Misal gözlər önündədir, dünyası dağılmış Şərq… Və dünyanın bütün cəfalarını çəkən müsəlman qadınları – və müsəlman kişiləri, azadlıq nədir, bütün hüquqları əllərindən alınmış bütöv bir dünya …
Avropa xristian dünyası “demokratiya” pərdəsi altında bütün türk, ərəb, ümumən isə müsəlman dünyasının demək olar ki, axırına çıxmışdır. Bu qədər yüklər çiynimizdə ikən bu qadınların büdrəmələrinə, yıxılmalarına, təkrar ayağa qalxmasına səbəb nədir ? Səbəb sözsüz ki, evinə, ocağına və övladlarına olan sonsuz bağlılığıdır. Özünə – ona aid olan küncü, yəni yuvasını israrla qorumaq istəyi, həyata insan olaraq gəlməsini anlaması dərdi verir ona bu gücü, qüvvəti. Ən öncəsi övladlarını qorumaq istəyi, məhəbbəti verir bu gücü. Və bir də ən böyük dərd olan “Anlamaq dərdi “ (M. Cəlil, Anar ) verir bu möhtəşəm həyat yanğısını, hələ sabahlar var, hələ… ümid sonda ölür.
Hamımıza məlum ki, tez- tez mətbuatda, televiziyada rastlaşdığımız seçki hüququ haqqında, onun tarixinə aid suallara, məlumatlarla rastlaşırıq. “Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olmuşdur”. Həmən bu seçki hüququ Azərbaycan Demokratik Cümhuriyyətinin təməl prinsipləri idi. Bu qanun ADC- nin təməl prinsiplərindən olsa da, Demokratik Cümhuriyyət dövründə heç bir seçki keçirilməmişdir.
Tarixin hansı dönəminə dönsək, fədakar, cəfakeş Azərbaycan qadınının alın təri, zəhməti ilə, heç nəylə əvəzlənməyəcək, müqayisəedilməyəcək fədakarlığı ilə rastlaşırsan. Azərbaycan qadınlarının obrazını açmaq heç də çətin olmamalıdır. Təbii bir ana- qadın kimi deyil, türk- müsəlman qadınlarının obrazı kimi deyil, onların nəcib, mərd xarakter dolu ruhlarını açmaq və bu zərif gözəllikləri duymaq, anlamaq və dəyərlərini vermək, bu qadınlığa verilən ən böyük dəyər elə özüdür. Qadın ruhunu, onların mənəviyyat dünyasını, azadlıq eşqini, ağrılı- acılı həyatlarını və onların iç dünyalarını – qadın gözəlliklərini görmək və qiymətləndirmək olsun İnsanlığın məramı !
Nə qədər qadın azadlığından danışırıqsa danışaq, çoxlarımız qadını yerdə sürüklənən gördük. Nə qədər özümüzə təskinlik versək də, yenə də bir müsəlman olaraq – bir qadın olaraq bəlkə bir “qul” olaraq qalır.
Dini inancların gözəgörünməyən şəkildə cızdığı “yol”dan kənara çıxmağa hansı birimizin ixtiyarı çatır … Dünyanın yazılan və yazılmayan qanunları var. Mən qeyri- etik yaşayışlardan danışmıram, bir qadın olaraq İnsan kimi yaşamaq istəyimizdən danışıram. Cahilliyin, mövhümatın insanları necə pərişan etdiklərini görürəm, ən çoxda bu milliyyətini aşağılayıb, dinini irəli çəkmək də özünü təzahür etdirir. Şərq müsəlman ölkələrinin əksəriyyətində, lap elə son Əfqanıstandakı hadisələr, həyat tərzi—sadəcə bədbəxtlik kimi xarakterizə etsək də, axı məhv edilən, taleləri parçalanan insanların, təkcə qız, qadınların, ana- bacıların, körpələrin deyil, bütün insanlığın dramı, faciəsi yaşanır bu müsəlman Şərqində. Bu Şərq müsəlman qadınlarının, körpələrinin acınacaqlı talelərinə, sönük həyatlarına, qüssədən- kədərdən, acılardan çuxura düşmüş gözlərinə baxdıqca yenədə sormaq istəyirsən: axı nədən, bu fanatizmi, bu cahillik nə vaxtacan ayrı- ayrı zümrələrin, bir sıra qoluzorlu molla tayfasının əlində alət olacaq ?!.
Vətənə, doğma torpaqlara sevgi, həsrət, nisgil və içimizdəki üsyan, etiraz bizi vurğun etdi, bizi mübariz olmağa öyrətdi. Mən Azərbaycan qadınını təriflədim, ya tərifləmədim fərq etməz nədən ki, dünyanın ən zəhmətkeş, sadə, övlad- Vətən sevgilidir Azərbaycan xanımları. Tanıdığım ən cəfakeş, ən fədakar Analardır bizim Xanım Analarımız !
8 mart Qadınlar Bayramını uşaqlıqdan bu günəcən hər zaman məhəbbətlə xatırlamışam. 1910- cü ildə Kopenhagendə qadın həmrəyliyi və bərabərliyi istəyilə Klara Setkin tərəfindən 8 mart Qadınların anım günü kimi təklif edilmiş, nəhayətində Qadın azadlığı– Qadın bayramı kimi qeyd edilməyə başlanmışdır.
Fərqi yoxdur 8 martı Qadın bayramı kimi dərindən bildik ya yox, məncə bu çox gözəl bayramdır. Öz yaxınlarından, övladlarından, şagirdlərindən cəmi bircə dənə də olsa gül almaq bəxtiyarlığını yaşat bu millətin deyil, bütün dünya Xanımlarına !Ən gözəli odur ki, biz Azərbaycan xanımları təkcə düşüncələrimizdə deyil, əməllərimizdə belə Azadlıq adlı bəxtiyarlığı artıq yaşamağa başlamışıq.
Qədim yunan filosofu Esxilin gözəl bir aforizmi var : “dünyada səcdəyə layiq ən böyük qüvvə iradədir”. Mən təkcə qadınlarımıza deyil, İnsanlığa iradə arzulayıram. Həyat bizi yıxa bilər, amma qalxmaq bizim tərcihimiz, əslində yıxılarkən belə qalxmağı bacaran İnsan mübarizliyi seçəndir. Artıq bu bir xarakter, Azadlığa olan yanğıdır.
Təkrar qalxmalı, ayaqları üstə yenidən çarpışmaya, vuruşmaya. Yaşamanın qayəsi bu.
Bəli, müqayisələrlə müqayisədə Azadlıq Xoşbəxtlikdir. Cəmiyyətdə, ailədə, elm, bilik sahələrində, hansı bir sahədə olursa olsun, o yenə də fəaldır, çünki bir Azərbaycan xanımı məhz belə də olmalıdır. Geyim- gecimlərindən tutmuş, lazımı qərarlar qəbul edənədək.
Unutmayaq Azadlığın ən yüksək zirvəsi var, adına Şəhidlik Zirvəsi deyilir, o Zirvə ki, Azərbaycan dövlətini, xalqını ZƏFƏR SƏLNAMƏSİNƏ qovuşdurdu. Bu elə bir Zirvə ki, 44 günlük müharibədə, 90-nın Yanvarında, Qarabağ başda olmaqla- Xocalı faciəsindən … bir qədər irəliyə getsək, Azərbaycan Demokratik Cümhuriyyəti dövründən, tarixin dərinliyə enmiş qatlarından bizə Babəklər, Nəsimilər boylanır. M. Ə. Rəsulzadə “Azərbaycan, Azərbaycan” deyərək Vətən eşqilə, Vətən həsrətilə ölmədimi?… Cənubi Azərbaycan Demokrat Firqəsinin 29 yaşlı ilk prokuroru olmuş Firudin İbrahimi Azərbaycan deyərək o taylı- bu taylı Azərbaycanın uğrunda ölmədimi… Bu fədailərin hər biri bir Vətən Şəhidi oldu. Zəfər Səlnaməsini yazan, torpağa qanları axan Şəhidlərimiz, Qazilərimiz, o turpaqlar qanla qarışdı… QANLA QARIŞAN TORPAQ VƏTƏN OLUR.
Həmin Ana- bacılardır 44 günlük Zəfər Səlnaməsini yazan Şəhidlərimizin və Qazılərimizin Anası. Bu tərbiyə və əxlaqdan, halallıq adlı kamillikdən keçdi Azərbaycan Əsgəri. Kimiləri Şəhidlik Zirvəsini fəth etdi, kimilərinə Qazilik bəxş etdi Uca Yaradan ! Bax elə bunlar idi Vətənin Azadlığı uğrunda verilən mücadilə. AZADLIQ – o kəlmə ki, Babəkdən üzü bu yana mücadilələr verir. “Azadlıq o elə bir yanğı ki, 40 gün azad yaşamaq 40 il qul kimi yaşamaqdan üstündür”.
Bugünkü Azərbaycan Anaları Azadlıq – Vətən yanğısı ilə övladlarına süd vermişdilər. Şəhid General Polad Həşimovun Anası Səmayə Anamız, Mübariz İbrahimov kimi minləri böyüdən Analarımız Ucalardan Uca Ana adınız qarşısında, Şəhidlərimiz qarşısında dönə- dönə baş əyirik, Sizlər öldünüz ki, bu Vətən yaşasın.
Vətən də bizim kimi ölər, yox olar,
Vətənin yolunda ölən olmasa –
B. Vahabzadə Vətən Azdlığının əsiri olan, bu yolda ömrünü şam kimi əridən ustadlar Ustadı M. Araz- Ulu M. Araz, o Araz ki, M. Füzuli İlahi Eşqə vurğundur, M. Arazda isə bu İlahi eşq Vətəndir, Anadır – Azərbaycan adlı qüdrətin Azadlığıdır : 

Səndən qeyri biz hər şeyi bölə billik,
Səndən qeyri biz hamımız ölə billik!

Azərbaycan sevdalı, milli ruhlu Xəlil Rza Ulutürk Azərbaycanın- Vətənin azadlığı uğruna erməni qəsbkarlarına, rus şovinizminə qarşı apardığı amansız mübarizə, O bu yolda özünü deyil oğlu Təbriz Xəlilbəylini belə itirdi, O Təbriz ki, bu İgidə Firəngiz Ana süd vermişdi… Azadlıq- Vərən uğruna idi bu fədailik. Adlı və Adsız Vətən- Azərbaycan uğruna baş qoyan Şəhidlərimiz Xatirəniz dünyalar durduqca yaşayacaq. Azadlığın portretini çəkən, obrazlı dili ilə sözün qüdrətini bizə yaşadır, bizi düşündürür bu əvəzsiz, mübariz şairimiz :

Azadlığı istəmirəm qıram- qıram,
Qolumdakı zəncirləri qıram, gərək qıram,
Azadlığı istərm bir həb kimi, dərman kimi,
Azadlığı istərəm səma kimi, ümman kimi…

Vətən- Azadlığımız uğruna baş qoyan, can qoyanların hər birinizin ruhları şad olsun. İnanın bu Vətən sizləri unutmayacaq !Çünki apardığınız mübarizələr Vətən uğruna, Öz od- ocaqlarınız uğruna, Ana- bacıların namusu uğrunadır. Bu yolda qoyulan başlara- canlara rəhmət ! Mərdin adı mərd kimi qalır !
H. Cavidə məxsus olan sözləri başlıq seçərkən düşündüm ki, doğru və olduqca mükəmməl: “Sürüklənən bəşəriyyət Qadınla yüksələcəkdir “. Qadın Anadır, Yaradıcıdır, Oddur- Ocaqdır, sevgisi isə o qədər böyükdür ki, Azadlıq meyarına söykənir, Azadlıq Yanğısından atəş alır. Qoruyucu Mələklərimiz olan Analarımızı, yəni Qoruyucu Mələklərimizi Qoruyaq.

MƏLAHƏT İSMAYILQIZI

AYB- nin və AJB- nin üzvü
Qızıl Qələm media mükafatı, H. B. Zərdabi diplomu
Publisist yazar, tədqiqatçı