Elvin Talışınski – “Qanlı yanvar faciəsi Azərbaycan tarixinin ən unudulmaz səhifələrindəndir”

32 il əvvəl yaşanan və qanlı yanvar kimi xalqımızın yaddaşlarında silinməz iz qoyan faciə, Azərbaycan tarixinin ən unudulmaz səhifələrindəndir. Müstəqilliyimizin, düşüncə azadlığımızın, əsarətdən qurtuluşumuzun təməl daşlarının atıldığı o qanlı gecədə canlarını xalqının gələcəyi üçün fəda edən şəhidlərimizi rəhmətlə anır və unutmuruq. Onlar öz dilinə, dininə, mənəvi dəyərlərinə, tarixi ənənələrinə sadiqliyi ilə seçilən Azərbaycan xalqının qəlbində daima yaşayacaqlar. Hər il tariximizin çatdırılması üçün yetişməkdə olan nəslimiz 1990-cı illərdə yaşanan hadisələr, sovet ordusunun ölkəmizdə törətdikləri, erməni vəhşiliyi haqqında məlumatlandırılır, Şəhidlər xiyabanı ziyarət edilir. Bu, hər birimizin vətəndaş olaraq mənəvi borcudur. Azərbaycan xalqına uzun həsrətli illərindən sonra qələbə sevinci yaşadan Qarabağ savaşının iştirakçıları da məhz 20 yanvar şəhidlərindən ilham alaraq, bir mənada həm də onların qisasını aldılar.
Beləliklə, matəm simvolu olan Qərənfilə zəfər simvolu olan Xarıbülbül qoşuldu. Azərbaycan xalqı düz 32 il bundan əvvəl də olduğu kimi, bu gün də və hər zaman Vətəninin keşiyində olduğunu bütün dünyaya sübut etdi.

 

Elvin Talışınski – pressaz.az