Şair Əfrahim Hüseynlinin söz dünyasından… FOTO

DAHA MƏHƏBBƏTDƏN YAZMAYACAĞAM

Daha məhəbbətdən yazmayacağam,
İllərdir deyirəm, yazıram hələ.
İpi qırılmır bu dar ağacının,-
Gümanı gör hardan asıram hələ.

Qələmsə əl çəkmir bu ağ kağızdan,
Günlər güman gəzir bu qələm kimi.
Şeir sahibi mən, söz sahibi mən,
Sayılıb seçdirdi bu qələm kimi?

Hər şeir gözümdə günah kimidi,
Savabın miniylə yuyula bilməz.
Sel-sular əlində qaldı divar-daş,
Təzədən o saray qurula bilməz.

Göy üzündə gəzən buludlar kimi
Günlərin yalançı dolmağı varmış.
Dediyim kəlmənin, dediyim sözün
Bir yuxu, bir nağıl olmağı varmış.

Sorğu-sual günü qurula bəlkə,
Sevgidən yazdığım şeirlər üçün.
Dilimin altında qalaydı kaş ki,
Neçə sətir-sətir söz düyün-düyün.

Vedriyim sözə də özgə-yad oldum,-
Haqlıyam, haqsızam hələ bilmirəm…
Yazdığım şeirlər üzümə durur,-
İndi nə gələcək ələ, bilmirəm.

Daha məhəbbətdən yazmayacağam,
İllərdir deyirəm, yazıram hələ.
İpi qırılmır bu dar ağacının,-
Gümanı gör hardan asıram hələ.

OYANIB GÖRÜRƏM YATIB QALMIŞAM

Gör məni haraya qaytardı ürək?-
quruyan o alma ağacınadək.
Qopur budaqlardan ağ çiçəkləri,
qonur saçlarıma ləçəkbələçək.

Divarın nəfəsi, daşın nəfəsi
soyuq külək kimi üzümə dəydi.
Başımın üstünü buludlar aldı,
üzümü isladan yağışdı, nəydi?..

Qalan külündə də çörək ətri var
nənəmdən yadigar qalan təndirin.
Dəyir bənizimə odu, istisi,-
qonşu uşaqların görünür yeri.

Bu yurd itkilərə inanmır hələ,
dilsiz ağaclar da günləri sayır.
Bacı harayı var, qardaş səsi var,
kimsə duya bilməz məndən savayı.

Yad olub, İlahi, bu biçənək də,-
sarı ot içində batıb qalmışam.
Yağışla, küləklə qapım döyülür,-
oyanıb görürəm yatıb qalmışam…

BİR İL DƏ ÖMÜRDƏN ÖTDÜ BELƏCƏ…

Bir il də ömürdən ötdü beləcə,-
Mən deyən olmadı baharı, qışı.
Dərd-səri doğma tək bilənlər getdi,
Günləri yaşatdı ürəyidaşı.

Uzun gecələri gündüzlərinin
Çəkildi üstündən qara xətt kimi.
Qaldı qayaları, dağ-daşı ilə
İllər arasında bir sərhəd kimi.

Uzun əllərim də uzun olmadı,
Çatmadı nə haya, nə umanlara.
Nə olsun, beş-altı ömür yaşatdım…
İlahi, tay oldum gözyumanlara.

İndi baharından payızınadək
Bu ömrün adına yazmaq da olmur.
Qeybətlər, yalanlar qurğuşun yükü,-
Yuxuya, nağıla yozmaq da olmur.

İtirdim doğmalar, dostlar içində
Gözümdə bəy olan, şah olanları.
Günləri, ayları “padşah” elədi
Doğma ürəklərə ah olanları.

“Tanrının yazdığı yazıdı” deyib,
Necə ömür-günlə barışım indi?
Bu duman, çən-çisək içindən keçib
Biganə dostlara qarışım indi?!

 

Əfrahim Hüseynli  – Pressaz.az