Könül Səssiz:” İtgin Şəhidim”…. – Foto
İTGİN ŞƏHİDİM
( Birinci Qarabağ müharibəsində itgin düşən Şəhid qardaşımız Yalçın Asif oğlu Əsədova)
Gör bir neçə il keçib
Həyat öz donun biçib
Şəhid şərbətin içib
Mənim itgin Şəhidim.
Yollara baxır hər gün
Xəyal edir toy-düyün.
Yalçınım gələr bir gün…
Anan gözləyir hər gün
Mənim itgin Şəhidim.
Şəhid xəbərin gəldi
Acı qəlbimi dəldi.
Necə çəkim bu dərdi!?…
Mənim itgin Şəhidim.
Bacın baxıb doymadı
Sənin igid boyuna.
Dostlar inan qoymadı
Bu xəbəri yaxına
Mənim itgin Şəhidim.
Yəqin sən də duymusan
Bu Zəfər xəbərini.
Qoxusunu duymusan
Xarıbülbül ətrinin
Mənim itgin Şəhidim.
Dolaşdınmı Ağdamı
Xocalını, Şuşanı?…
De, məzarın ordamı?
Mənim itgin Şəhidim.
Dilim ağzım qurusun,
Bəlkə hələ də sağsan…
Aman! Allah qorusun!
Bəlkə qayıdacaqsan…
Mənim itgin Şəhidim.
Bəlkə sən də mənimtək
O günü gözləyirsən.
Möcüzə olsun gərək!?…
Sən nəyi gözləyirsən?…
Mənim itgin Şəhidim.
Bilirəm yaşayırsan
Şəhidlər ölmür axı…
Haradansa baxırsan
Mənim itgin Şəhidim.
Nə qədər ki, sağam mən
Yolunu gözləyəcəm…
Bura gəlməsəndə sən,
Mən yanına gələcəm
Mənim itgin Şəhidim…
KÖNÜL SƏSSİZ – pressaz.az