Əfrahim Hüseynli:”Bir payız günü”… – VİDEO

 

         BİR PAYIZ GÜNÜ

Səsim qulağından asılıb qalar,
Divardakı şəklim saralıb qalar,
Bu evə bir həsrət qısılıb qalar,
Əlin mənə çatmaz bir payız günü.

Vermə sözlərimi küləyə, vermə,
Doğruya yoz barı bir-iki kəlmə.
Üz tutub getdiyin sahilə gəlmə,
Ürəyinə yatmaz bir payız günü.

Mənim duyduğumu duydun tərsinə,
Bu haqqın önündə düşdüm tilsimə.
Mənsiz yuxuları sulara demə,
Bildiyin kimi yoz bir payız günü.

Yarpaqlar sazağa alışmaz belə,
Yollar bir-birinə qarışmaz belə.
O düzlər, dərələr danışmaz belə,
Nə axtar, nə də gəz bir payız günü.

Hər şeyi bilirsən, daha nə deyim…
Gəlib günahlara bəlkə baş əyim?..
Qalar ünyetməzdə məni görməyin,-
Döz, mənsizliyə döz… bir payız günü.

Bürüdü çən-çiçək, duman günləri,
Ağrılı-acılı viran günləri.
Ömrümdən üzülüb qalan günləri
Verdim, ömrünə yaz, bir payız günü.

QALMIŞAM PAYIZLA QIŞ ARASINDA

Hecası pozulan misralar kimi
İndi nə desən də, qəlbimə yatmaz.
Daşı əritsə də, etiraf…filan…
Şaxtaya, soyuğa, sazağa batmaz.

Mən elə yollardan çıxıb gəlmişəm,
Sirli nə qayası, dolayı qalıb.
Bir güman xətrinə pay etmək üçün
İllərin nə günü, nə ayı qalıb.

Qalmışam payızla qış arasında
Uzaq gümana da yol-bərə yoxdu.
İşə bax, deməyə dilim də gəlmir,
-Eh, nahaq bir adam qarşıma çıxdı!

Günahlar üçürub bəndi-bərəni
Baharın sellənən yağışı kimi.
Dayanıb qarşımda sadəlövhlüyüm
Ayların illərin qarğışı kimi.

Gözümə yad olan yuxularım da
İndi mənim üçün yuxu kimidi.
Arayıb gəzməyin mənası yoxdu,-
Günah sahibi kim, haqlı kim idi.

Daha heç oxuma şeirlərimi,
Gərək olmadısa bir “qəlbiidaş”a…
Oxusan, xəbərsiz gözündən düşər
Qalan günlər-aylar, il başdan-başa.

Əfrahim Hüseynli – Pressaz.az