Aygün Həsənoğlu: “HƏSRƏT” (Hekayə)

                    HƏSRƏT
                    (Hekayə)

Şuşanın başı üzərinə yağan alovlu mərmilərdən hürkərək meşəyə tərəf qaçmışdı. Atəş birdən kəsildi. Şuşa tamam boşalmış, tərk edilmişdi. Həyətlərdə, küçələrdə adam görünmürdü, yiyəsiz qalmış heyvanlar, toyuq-cücələr o tərəf-bu tərəfə qaçır, yemək axtarırdılar. O da atılmışdı. Doğma həyətə girəndə bunu anladı. Həmişə hay-küylü olan evdən səs-səmir gəlmirdi. Açıq qapıdan həyətə girəndə də onu kimsə qarşılamadı, belinə sığal çəkmədi. Saatlarca həyətdə vurnuxdu, o tərəf-bu tərəfə qaçaraq sahibini axtardı, axtardı… tapmadı. Başını əyib evə nigaran-nigaran baxdı, kimsəsiz qaldığını başa düşdü. Qapqara gözlərindən iki damla yaş süzüldü. Ağlına sığışdıra bilmirdi ki, hər gün onu tumarlayan əllər necə yox ola bilər, hər gün kürəyində gəzdirdiyi kəslər onu necə unuda bilər. Amma unudulmuşdu!
Həyətə bir dəstə qara geyimli adamlar doluşdu. Elə hay-küylə doluşdular ki, hürküb geri çəkildi. Bu qara geyimli adamların atəş açaraq adamları öldürdüklərini də görmüşdü. Ona görə də gizlənməyə yer axtardı. Lakin qara geyimlilər onu gördülər, qulağına tanış olmayan dildə bir-birlərinə nəsə deyib güldülər. Birisi əlini yəhərinə uzatmaq istəyəndə At diksinərək geri çəkildi, dal ayaqları üstə qalxaraq kişnədi. Deyəsən kişnərtisi qara adamları qəzəbləndirdi. Dövrəyə alaraq fit çala-çala onu tutmağa çalışdılar. Biri evdən yataq örtüyünü gətirdi, örtüyü başına atdılar. Gözləri qaraldı, ətrafını görmədən çırpınaraq xilas olmaq istəsə də bacarmadı, onu tutdular! Zorla köməkləşib yük maşınına qaldıranda dırnaqları ilə son dəfə yeri eşdi və doğma torpağın bir parçasını dırnaqları arasında özü ilə apardı.
O gündən ayağı torpağa dəymədi, gözləri yaşıllıq görmədi. Saatlarmı keçdi, həftəmi, ya aymı, bilmədi. Amma bu müddət xeyli uzun gəldi, üzücü gəldi ona. Sonra onu haralarasa apardılar, gözləri önündə bir dəstə pula satdılar. Yeni sahibi də hay idi, neçə ildir İsveçrədə yaşasa da Qarabağda türklərin arasında böyüdüyündən atları çox sevirdi. Yaxşı bilirdi ki, əsl Qarabağ atları çox az qalıb, bu bəlkə də ən con atlardan biri idi. Atı oxşayıb əzizlədi, cimdirdi. Qarşısına ot qoydu. Acından az qala dizləri yerə gələcək halda olan At ağzını dərhal ota uzadıb tez də geri çəkdi, ağzına aldığı otu yer tökdü. Erməninin gözləri kəlləsinə çıxdı. Həmişə atlarının içində olmuşdu, amma hələ hansısa atın öyüdüyünü görməmişdi. Tələsik bayıra çıxdı, təzə qopardığı yamyaşıl ot gətirdi, At yenə otu ağzına alıb geri qaytardı. Hay bir neçə yerdən cürbəcür ot və saman gətirdi, at heç birini udmadı. Hayı fikir götürdü, at uzun zaman ac qala bilməzdi. Digər tərəfdən də atı alıb bura gətimək üçün bir ətək pul tökmüşdü ki, ayın sonu keçiriləcək yarışda iştirak etsin. Öz atı onsuz da ümidlərini doğrultmurdu. Bilirdi ki Qarabağ atları mülayim və tez öyrəşəndirlər, onlara xidmət edənə sədaqətli olurlar. Ona görə ata cani-dildən xidmət edirdi. Nə qədər başına fırlanırdı, tumarlayırdı, xeyri yox idi, at onun üzünə belə baxmır, heç nəyə ağzını vurmadan hey ətrafa boylanaraq nəyisə, kimisə axtarırdı. Axırda məcbur olub mal həkmi gətirdi. Həkim atı diqqətlə müayinə edəndən sonra xeyli fikirləşdi. Sonra atın çənəsindən yapışıb başını qaldırdı, gözlərinə baxdı, sonra Haya tərəf döndü:
-Bu haradan gəlib?
-Qarabağ atıdır.
– Heç bir xəstəliyi yoxdur, amma hərəkətlərində sterss əlaməti var.
-Yaman fikir eləyir.Tez-tez onu gəzməyə çıxarın, başqa atların yanına aparın.
-Axı heç nə yemir, içmir.
-Yəqin buranın yeməyi, suyu xoşuna gəlmir.
Hay yenə xeyli pul tökərək Qarabağdan ot və su gətirməyə məcbur oldu. Yoxsa verdiyi pullar havayı gedəcəkdi. Otun iyini alan At dəli kimi kişnədi, əvvəlcə otu yaladı, yaladı, sonra acgözlüklə qarpmağa başladı. Suyu da bol-bol içəndən sonra dizlərini bükərək başını otun üstün qoydu, qoxusunu çəkməyə başladı.
Hayın gözləri böyümüşdü, bu qeyri-adi mənzərə qarşısında özünü itirərək donub qalmışdı. Gördüklərinə inana bilmədən mat-mat baxır, heyrətdən qışqırmaq istəyirdi.
Acından arıqlamış at bir neçə günün içində özünə gəlmişdi və atılıb-düşməyə vurnuxmağa başlamışdı. Atın genişlik istədiyini anlayan Hay onu gəzintiyə çıxardı, bir neçə dəfə minib doyunca çapdı. At artıq ona öyrəşmişdi, çünki bu adam ona istədiyi otu, suyu gətirmişdi. Bundan başqa Armen atın dilini tapmışdı, onunla Azərbaycanca danışırdı. Dostlarının yarışa dəvət etmiş, yarışda birinciliyi alacağına hər kəsi inandırmışdı. Həqiqətən də “Qarabaö gözəli” adını verdiyi at yerlə-göylə oynayıdı sanki. Meydanda qaçarak dövrə vurur, dırnaqları ilə yeri eşərək şahə qalxır, ətrafa baxaraq kimi isə, nəyi isə axtarırdı.
Nəhayət, yarış günü gəlib çatdı. İsveçin ən gözəl mənzərələrindən birində dağların ətəyindəki yaşıl düzənlikdə minlərlə insan toplaşmışdı. Televiziya kameraları yaşıl meydana tuşlanaraq yarışın başlanmasını səbirsizliklə gözləyirdi. Aparıcı ilk sırada yarışa çıxacaq atların adlarını elan etdi. “Qarabağ gözəli” də onların arasında idi, atı isə Armen Papazyan sürəcəkdi. Lakin atın adını “Artsax gözəli” kimi qeyd etdirmişdi. Özü də Qarabağ atlarının dəliliyinə bələd olduğundan son dərəcə ehtiyatla davranaraq qabaqcadan belinə minməmişdi. İşarət verilən kimi xəfif hərəkətlə atın belinə qalxdı, sıraya doğru sürdü. Qarabağ atının dik duruşu, şevik hərəkətləri, günəş şüaları altında parıldayan bədəni aparıcının diqqətini çəkdi və aparıcı onu yarışın “ən incə ayaqlı, günəş kimi işıq saçan gözəli” adlandırdı və əlavə etdi ki, əgər onun belə atı olsaydı, adını “Günəş” qoyardı.
-Bu, Karabağ atıdır!-Tamaşaçıların arasından kimsə Azərbaycan türkcəsində bağırdı, sonra ingiliscə təkrar etdi. Armen bu səsi eşitməməzliyə vurdu, indi onu yalnız yarışda qazanmaq maraqlandırırdı.
Yarışın başlanmasını bildirən atəş açılanda ilk yerinden sıçrayan Karabağ atı oldu. At, ildırım kimi irəli şığıdı. Onun belə ürkməsini Armen də başa düşmədi. Başa düşmədi ki, atın qulağında Qarabağda ən son eşitdiyi atəşin səsi guruldadı. O səs ki, başını götürüb meşəyə qaçmış, geri dönəndə yurdu alovla riçində və bomboş görmüşdü. Qarabağ gözəli ilk sıçrayışda bir neçə atı keçdi, hətta yoğun və qüvvətli ayaqlı qara ərəb atını, uzun ayaqlı ingilis atını da geridə qoydu. At qaşmırdı, quş kimi uçurdu sanki. Armen sevinir, onu azərbaycanca oxşaya-oxşaya tələsdirirdi. Qarabağ gözəli rəqiblərini bir-bir arxada qoya-qoya irəli keçəndə Armen o qədər həyəcanlanmışdı ki atın gözlüyünün düşməsindən də xəbəri olmadı, sevindiyindən öz dilində bağırdı. Beyni gicəlləndirən hay-küy içində Atın qulağı belində daşıdığı adamın yad dildə sözləri aldı, sürəti yavaşıdı. Armen həyəcanla qışqırır, atı tələsdirirdi. Finişə az qalmışdı, bir azdan bütün pullar və şöhrət onun olacaqdı. Atın sürətinin azaldığını da hiss etmirdi, gözü yalnız finişi görürdü. At isə artıq ayaqları altındakı torpağın yadlığını hiss edirdi, özündən ixtiyarsız başını qaldırdı və gözləri qarşıda açılan nəhəng düzəngaha, onun arxasından görünən dağlara sataşdı. Elə bildi qarşısındakı “Cıdır düzü”dür, bütün qüvvəsi ilə irəli atıldı.
Həmişəki kimi onun sinəsində qaçacaq, otlayacaq, sahibi onu oxşayaraq tumarlayacaq, birlikdə evə dönəcəklər. Zavallı at bilmirdi ki, sahibi öz evindəcə öldürülərək yandırılmış, ailəsi isə girov götürülmüşdür. Həmmişə onun belinə minməyə çalışan o balaca uşaq da itkin düşüb. Haylar onu naməlum bir yerə aparmışlar, başına nə gəldiyi də məlum deyil. At bunları bilmirdi. Ona görə də sahibinə, yurduna, evinə qovuşmaq üçün var gücü ilə qaçırdı.
Finişə çatmağa bir neçə addım qalmış Armen öz dilində “Qələbə! Qazandım!” -deyə bağırdı.
Bu bağırtı Atı diksindirdi və heç gözlənilmədən qaçdığı yerdə dövrə vurmağa başladı. Armen özünü itirdi. “İrəli, qələbə!” deyə bağırdı, qamçını onun belinə çırpdı. At iki ayaqları üstə şahə qalxaraq dəli bir kişnərti çəkdi. Armen qamçı ilə atı sakitləşdirməyə çalışdı, qamçını atın böyürlərinə, başına çırtdı, bir an içində heyvanı al qan götürsə də, o yenə ayaqlarını qaldırdı, bir də şahə qalxdı və qəzəblə yerə çırpanda sanki torpaq titrədi. At üçüncü dəfə şahə qalxaraq dəli bir nərə ilə hayı belindən atdı və finiş xəttini təkbaşına keçərək öz cıdırına sarı üz tutdu. Arxadan fit çalır, onu qovurdular, lakin heç kölgəsinə də çata bilmirdilər. Qarabağ atının dəliliyi tutmuşdu, baş götürüb onu böyüdən, yetişdirən yurduna doğru qaçırdı. Lakin nə qədər qaçırdısa, doğma torpağın qoxusu dəymirdi burnuna. Bu yerlər nə qədər gözəl olsa də, nə qədər Qarabağ çöllərini xatırlatsa da yad idi, yadların idi. O isə öz yürdunu, öz torpağını axtarırdı, ona görə dəli kimi ürəyi çırpına-çırpına atlana-atlana qaçır, qaçır, qaçırdı…
Nəhayət, ürəyi dözmədi, ağzından sanki köpüklənib çıxdı. Atın dizləri büküldü, yerə gəldi. Lakin o, dayanmaq, çökmək, yıxılmaq istəmirdi. Bir neçə dəfə qüvvəsini toplayıb qalxdı, hətta ayaqları titrəyə-titrəyə iki-üç addım irəli getdi də, amma artıq yaşıllıq qurtarmışdı. Qarşıda gözqamaşdırıcı işıqlara bürünmüş yad bir şəhər görünürdü. Bu, onun uyurdu, vətəni deyildi. Atın gözləri qaraldı, dizləri yerə toxundu, yorulmuş, üzülmüş, artıq bir yükə çevrilmiş vücudunu daşımağa güc çatmadı, torpağa sərildi. Bir dəfə qalxdı, qabaq ayağını mümkün qədər irəli ataraq qalxmaq istədi, yenə yıxıldı. Son gücünü toplayıb dikəldi, ayaqlarını irəli uzadaraq sürünməyə çalışdı, amma bacarmadı, O anda şüuraltı olaraq Vətənə yetişə bilmədiyini anladı və anlamaq onun son müqavimətini, gücünü də qırdı. At yerə çırpıldı. Get-gedə altındakı torpağın soyuqluğu vücuduna işləyirdi. Gözləri səmaya baxırdı. Bu səmanın altında, haradasa onun öz torpağı, öz otu, öz suyu, yurdu vardı. Vardı, elə bunu hiss etmək də gözəl idi.
Bütün günü onu izləyən helikopterdən enən adamlar yaxınlaşanda at artıq can verirdi, gözlərində isə bütün yer üzünü, o cümlədən onun doğulduğu torpağı da birləşdirən səma əks edirdi.
Maşınlardan düşənlərin içindən qara, parlaq gözlü gənc ata tərəf qaçdı. Yanında diz çökərək başını qucaqladı, ətrafdakıların anlamadığı dildə-öz dilində “Mən buradayam. Nolar, ölmə!” deyə bağıraraq hönkür-hönkür ağlamağa başladı. At başını güclı başını qaldırdı. Onun dizlərinin üstünə qoydu. Buraya bir parça çğrək dalınca gəlmiş bu qarabağlı gəncin qoxusu ona tanış gəlmişdi. Bu anda hamı atın gözlərindən süzülən iki damla yaşı heyrət içində seyr etdi və bu, onun son göz yaşı oldu.
-O, Qarabağlıdır, Qarabağ atıdır.-Gənc ağlaya-ağlaya dedi.-Vətəni işğal atındadır… O qarşıdakı yeri Qarabağa bənzətdi yəqin. Onu həsrət öldürdü…
Armen Papazyan ata yaxınlaşmadı da. Gənc türkün sözlərini jurnalistlər də eşitmişdilər. Kameralar yerə yıxılmış ata və onu qucaqlamış gəncə tuşlanmışdı. Yəqin ki, sabah bütün İsveç qəzetləri və kanalları bir ermənini finiş xəttində belindən atan Qarabağ atından bəhs edəcəkdi. Sonra da Qarabağ atlarından, nə zamansa yarım milyon dollara satılmasından, sonra da Qarabağdan ve işğaldan danışacaqdılar.
Armen uzaqdan atın ölümünü seyr edə-edə cib telefonunu çıxardı, oğluna zəng etdi. Oğlu Ermənistan ordusunun tərkibində idi və Qarabağ üçün vuruşurdu. Qarabağ atını da atası üçün o alıb göndərmişdi. Armen oğlunun səsini eşidən kimi dedi:
-Təcili bilet al, İsveçə gəl, oğlum. Vuruşmağın mənası yoxdur, Qarabağ heç vaxt bizim olmayacaq. Özgə torpaqdan vətən olmaz. Bir ata da unutdura bilmədik.

2004, Bakı
AYGÜN HƏSƏNOĞLU 

Pressaz.az