ƏDALƏT QAFAROV – “MƏNİ DİNDİRMƏYİN, GÜLƏN DEYİLƏM”

MƏNİ DİNDİRMƏYİN, GÜLƏN DEYİLƏM

Şəhid qanı ilə boyanır daşlar,
Ağrıyır ürəklər, çatılır qaşlar.
Axır gözlərimdən sel kimi yaşlar,
Məni dindirməyin, gülən deyiləm.

Qoyma igidlərin ağrıya başı,
Əsgərlər gəncdilər, vardı az yaşı.
Ananın naləsi, həm də göz yaşı,
Məni dindirməyin, gülən deyiləm.

Dərd-kədərin olubdur bizə qardaş,
Acı talelərlə olmuşuq yoldaş.
Sirri demək üçün yoxdu bir sirdaş,
Məni dindirməyin, gülən deyiləm.

Ədalət, hardasan, yurd-yuvan harda?
Əsir düşmüş gözəl torpağın darda,
Nə vaxtandı həsrət qalmısan yurda,
Məni dindirməyin, gülən deyiləm.

Müqəddəs yerlərdən gəlmir bir soraq,
Düşmən əlindədi anam Qarabağ,
Tezliklə yerini tutacaqdı haqq,
Vətənin torpağın bölən deyiləm,
Məni dindirməyin, gülən deyiləm.

QƏLBİMİ SIZLADIR QARLI DAĞLARIM

Boylana-boylana baxdım dağlara,
Saralıb dağlarım, solub bağlarım.
Gözümü zillədim uca dağlara,
Sızlatdı qəlbimi qarlı dağlarım.
***
Buraxmır yolları məni kəndimə,
Baxıram görsənən həmin səddimə,
Həsrətlə baxıram doğma elimə
Sızladır qəlbimi qarlı dağlarım.
***
Baxdıqcan baxırsan uca dağlara,
Gedirəm xəyalda gözəl çağlara,
Qayıdaq tezliklə yurda, dağlara,
Qəlbimi sızladır qarlı dağlarım.
***
Ədalət, coşursa damarında qan,
Düşmən yurdunda etməsin tüğyan,
Qalmasın vətəndə bir qriqoryan,
Qəlbimi sızladır qarlı dağlarım.

Pressaz.az