Şair-publisist  Fəridə Ləmanın aprel şəhidi Mühüd Orucova həsr olunan kitabının təqdimat mərasimi keçirilib


Bu gün tanınmış şair, publisist  Fəridə Ləmanın aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış  Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat tabor komandiri, kapitan Mühüd Orucova həsr olunan kitabının təqdimat mərasimi keçirilib.
Kitab M.Orucovun ömür və keçdiyi döyüş yoluna həsr olunub. Bu kitab “Qazax” Xeyriyyə İctimai Birliyinin maliyyə dəstəyi ilə işıq üzü görən bir poemadır. Kitabın təqdimatında ziyalılar, şairlər, Azərbaycan ordusunun zabitləri, şəhidin döyüş yoldaşları iştirak ediblər. Tədbirin sonunda müəllif  Fəridə Ləman çıxış edərək, mərasim iştirakçılarına minnətdarlığını bildirib. Şəhidin əmisi kitabın yazılması və çapına görə, təşəkkürünü ifadə edib. Sonda tədbir əsgəri nəğmələrlə başa çatıb.

Qeyd edək ki Mühüd Qurban oğlu Orucov 1984-cü ilin 13 iyulunda Qazax rayonunun Fərəhli kəndində anadan olub. Mühüd Orucov Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. Ailəli idi, 5 yaşında əkiz oğlanları yadigar qalıb.

O,  2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 12-si isə doğulduğu Qazax rayonunun Fərəhli kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Orucov uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

 

Pressaz.az