Əfrahim Hüseynli: Atam gələcək…

       ATAM GƏLƏCƏK

Hər axşam yatanda elə bilirəm
Bu gecə yuxuma gələcək atam.
Gözümün içindən gizlətdiklərim
Dərdimi-sərimi biləcək atam.

Yenə dönəcəyəm bir az gec evə,
Gəlib görəcəyəm hələ oyaqdı.
Torpaq soyuqdusa…mənə deyəcək,-
Bir az qalın geyin, oğul, soyuqdu.

Görəcək, yolumu gözləyir anam,
Payımsa qalıbdı hələ qazanda.
Bağrıma basdığım paltarlarının
Yeri boş qalıbdı “paltarasan”da.

Yenə də bacımı döyüb qardaşım,
Qaçıb gizlənməyə macal axtarır.
Təzədən qaralıb bəyaz saçlarım
Bu gecə özünə sığal axtarır.

Ay qardaş, başını yenə uca tut,
Dərdə biganə ol, dərd bilən gəlib!
Açın qapıları, açın taybatay,-
Qonağın səsinə səs verən gəlib!

Hər axşam yatanda elə bilirəm
Bu gecə yuxuma gələcək atam.
Gözümün içindən gizlətdiklərim
Dərdimi-sərimi biləcək atam.

 

 

Pressaz.az