Böyük Qayıdış dövlət proqramının uğurla reallaşdırıldığı bölgələrimizdən biri də Kəlbəcər rayonudur – FOTO
Böyük Qayıdış dövlət proqramının uğurla reallaşdırıldığı bölgələrimizdən biri də Kəlbəcər rayonudur. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın avqustun 21-də bu rayona etdikləri səfər ölkə ictimaiyyətinə Kəlbəcərdə aparılan işlərin böyük vüsətini bir daha tam dolğunluğu ilə nümayiş etdirdi. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə etdiyi hər bir səfəri bu torpaqlarda görülən işlərin mühüm prioritet istiqamətlərdən biri kimi xüsusi nəzarətdə saxlandığını təkrar-təkrar hər kəsin diqqətinə çatdırmış olur. Bu proses görülən işlərin və həyata keçirilən Böyük Qayıdış dövlət proqramının önəmli xarakterindən irəli gəlir. Dövlət başçısının azad edilmiş ərazilərə hər səfəri mühüm obyektlərin təməlqoyma və açılış mərasimləri ilə əlamətdar olur.
Prezident İlham Əliyev Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub və buraya köçən sakinlərlə görüşüb. Görüş zamanı dövlət başçısı çıxış edərək bildirib: “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz! Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz – bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı.” Bu sözlərlə Prezident İlham Əliyev Kəlbəcər sakinlərinin doğma torpaqlarına qayıdışını yüksək qiymətləndirib və onların həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən görülən işləri vurğulayıb. Prezident çıxışında Kəlbəcərin artıq dünyanın ən gözəl mənzərəli şəhərləri sırasına daxil olduğunu bildirdi. O, Azərbaycanın güclü ordusunu və xalq birliyini vurğulayaraq, Ermənistanın kapitulyasiyasını məcbur edən amilin məhz bu birliyin gücü olduğunu dedi.
Cənab İlham Əliyevin “Bizim işimiz quruculuqdur”, “Azərbaycan ləyaqətli dövlətdir” kimi fikirləri dövlətimizin sülhə güclü əsaslarla dayanan siyasətini bir daha təsdiqlədi. Bu gün Kəlbəcər həm strateji, həm də iqtisadi-sosial baxımdan yeni dirçəliş mərhələsinə qədəm qoyub. Kəlbəcərdə aparılan layihələr, energetika obyektləri, infrastruktur yenilənməsi və turizm potensialının inkişafı gələcəkdə rayonun dirçəlişində əsas rol oynayacaq. Prezident çıxışında Azərbaycan xalqının sabaha inamla addımladığını bir daha qeyd etdi. Azərbaycan Ordusu bu uğurların arxasında dayanan əsas dayaqlardan biridir. Güclü ordu, güclü liderlik və xalqın birliyi ilə Azərbaycanın gələcəyi daha da işıqlı görünür. Kəlbəcər isə bu işıqlı gələcəyin dağlar qoynundakı parlaq simvoluna çevrilir.
Səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub. Şəhərin müfəssəl baş planına uyğun olaraq layihələndiriləcək yeni park kompleksi təxminən 11 hektar ərazini əhatə edəcək. Bu sahənin təxminən 9 hektarında yaşıllıqlar salınacaq. Parkda rayonun ictimai və mədəni həyatında baş verən tədbirlərin təşkili üçün xüsusi zonalar, idman və sağlamlıq guşələri, həmçinin uşaqlar üçün əyləncə və ekstremal macəra sahələri yaradılacaq. Layihəyə əsasən, parkın ərazisində yerüstü avtomobil dayanacağı, relsli xizək yolu, restoranlar, kafelər, amfiteatr və digər zəruri infrastruktur obyektlərinin inşası da nəzərdə tutulur. Bu parkın inşası şəhər sakinlərinin və qonaqların asudə vaxtlarını mənalı və rahat keçirmələri üçün hərtərəfli şərait təmin edəcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər zamanı Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin təməlqoyma mərasimlərində iştirak ediblər. Bundan əlavə, “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak ediblər. Prezident İlham Əliyev həmçinin Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olub.
Avqustun 21-də cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərin Vəng kəndində üç yeni kiçik su elektrik stansiyasının açılışını ediblər. Səfər çərçivəsində Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin təməli qoyulub. Möhtərəm Prezidentimizin burada yerli sakinlərlə görüşü zamanı dediyi kimi, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.