Prezident İlham Əliyevin və Vladimir Putinin mətbuata verdikləri bəyanatla yadda qaldı – FOTO

Cari ilin 19 avqust tarixi Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri, səfər zamanı Prezident İlham Əliyevin və Vladimir Putinin mətbuata verdikləri bəyanatla yadda qaldı. Ölkə başçısı bildirdi ki, Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, habelə dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Səfər tarixi xarakter daşıyır, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək. Dövlət başçısı qeyd etdi ki, yüksək səviyyədə görüşlər müntəzəm xarakter daşıyır. Cari il iki dəfə – bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüş təşkil olunmuşdur.
Davamlı münasibətlərin əsasına gəlincə səfər çərçivəsində qəbul edilən sənədlər münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Ölkə rəhbəri vurğuladı ki, dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq. Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. Ölkə rəhbəri diqqətə çatdırdı ki, təhsil sahəsində münasibətlərin inkişafı məsələsi daim diqqət mərkəzindədir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Regional təhlükəsizlikdən söz açan ölkə başçısı bildirdi ki, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Dövlətlərarası münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malik olan nəqliyyat dəhlizlərindən söz açan ölkə başçısı söylədi ki, regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi kimi məsələlərin aktuallığı danılmazdır. Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək və onun dəmir yolu sahəsinin modernləşdirilməsi üçün lazımi işlər görülür.
Rusiya ilə Azərbaycan beynəlxalq hüquqa əsaslanan, ikili standartlardan azad və ayırıcı xətlərin yaradılmasını istisna edən dünya düzəninə töhfə vermək istəklərini təsdiqləyiblər. Vurğulanıb ki, tərəflər sülhün, təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın qorunmasında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) mühüm rolunu tanıyırlar. Rusiya ŞƏT-də Azərbaycanın statusunun yüksəlməsini, BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) ilə əməkdaşlığın möhkəmləndirilməsinə olan marağını dəstəkləyir. Danışıqlarda 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın əhəmiyyəti diqqətə çatdırılıb. 2018-ci il Konvensiyasına uyğun iki ölkə arasındakı aktiv əməkdaşlıq yüksək qiymətləndirilib. Dövlətlər arasında sənaye və kənd təsərrüfatı sahələri üzrə əməkdaşlığın möhkəmləndirilməsinin, turizm və tranzit axınlarının genişləndirilməsinin, eləcə də dəmir yolu və multimodal yük daşımalarının və «Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizi marşrutu üzrə infrastrukturun inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Güclü siyasi, iqtisadi potensiala malik hər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Daxili və xarici siyasətini beynəlxalq aləmdə baş verən hadisələrə uyğun təkmilləşdirən Azərbaycanın Qərblə, Rusiya, İran, İsrail, Türkiyə və digər ölkələrlə, beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi ölkəmizin dünya birliyində mövqeyini daha da möhkəmləndirir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.