Ruhiyyə Abbaszadə: ” Qisas” FOTO

                             QİSAS

(ƏSƏR PƏNCƏRƏ TEATRI TƏRƏFİNDƏN TAMAŞAYA QOYULMUŞDUR.)

Çavuş Tural Kazımov son günlər yuxusunda bir Şəhid əsgər görürdü.İçində ağrı-acı, doğma yurd-yuva həsrəti duyulan, yorğun baxışlarını uzaqlara dikən həmin əsgər əlini Turalın çiyninə qoyub deyirdi:
-“İgidim qalx! Susdur, o vəhşi düşməni.Hər gün yatdığımız məkan o mənfur erməni əsgərin iyrənc sözlərindən od tutub yandığı üçün pərən-pərən düşmüşük.Onun hədyan kəlmələrindən nəinki sümüyümüz, ruhumuz da yanır.Xocalıda qırılan o günahsız qız-gəlinlərin ah-naləsi ərşə qalxıb.Eşitmirsənmi o Şəhid ruhların fəryadını?! Al bizim qisasımızı, Tural! Tökülən qanlarımız yerdə qalmasın.Susdur O qəsbkar düşməni! Qoy ruhumuz dinclik tapıb sənə duaçı olsun”
Çavuş Tural Kazımov qətiyyətlə cavab vermişdi:
“Sənə söz verirəm ki, əzəcəyəm o erməni ilanının başını.Bu qisası yerdə qoysam bu torpağın verdiyi çörək mənə haram olsun”
Neçə gün idi ki, bu yuxu Turalın beynindən çıxmır, onu çox narahat edirdi.Hayana baxırdısa, yalnız həmin Şəhid əsgəri və bir də ermənilərin qətlə yetirdiyi qız-gəlinlərimizin incik, boynubükük ruhlarını görürdü.O ruhlar Turalı hər an intiqama çağırır, qəzəbdən yanaraq düşməndən alacağı qisas barədə düşünürdü.
Ermənistanın silahlı bölmələri hələ də müxtəlif təxribatlar törədirdilər.Buna səbəb bir müddət əvvəl döyüş meydanındakı məğlubiyyətləri idi.Şanlı ordumuz cəbhənin Ağdam-Fizuli istiqamətində düşmən mövqelərinə ağır zərbələr endirmiş, xeyli sayda canlı qüvvə ilə bərabər hərbi texnikalarını da məhv etmişdilər.Əsgərlərimizin işğaldan azad etdiyi Lələtəpə yüksəkliyinə sancdığı üçrəngli bayraq xain düşmənin bağrını sanki Babəkin qılıncı tək dəlib keçirdi.Ermənilər bu məğlubiyyətlə barışa bilmir, quduz köpək kimi zəncir gəmirirdilər.Onlar güclərini indi iyrənc təxribatlara əl atmaqla göstərmək istəyirdilər.Aprel döyüşlərindən sonra düşmənlər hər gün eyni vaxtda cəbhə xəttindəki üzbəüz postlardan Azərbaycan əsgərlərinə psixoloji təzyiq göstərməyə çalışır, atəşkəs rejimini pozmağa vadar edirdilər.Hətta erməni zabiti yaxıb məntəqədən bağıraraq:
-Ara, na hoppanıb düşürsüz! Torpaq-torpaq deyə car çakirsiz dünyaya! Torpaqlarınızı da aldıq, nə qədər insanlarınızı da asir goturduk.Kölə kimi işladirik, qadınlarınızı, uşaqlarınızı! Torpaq alacaqlar! Alarsınız!…
Tural atəş açmaqdan özünü zorla saxlayıb ermənilər tərəfə qışqırdı:
-Alçaq! Az qalıb, qanını tökəcəm sənin! Şəhid qardaşlarımızın müqəddəs ruhuna and içirəm ki, əlimdən sağ çıxmayacaqsan…
-San olmüyasan, turk gadasını yaman yandırdım xa.Hala Xocalıda asir goturduqlarımızın başına nə oyun açdığımızı desam, garak özünüzü gullalayasız-deyən vəhşi erməni hərbçisi əlində saxladığı kuklanı atıb-tutaraq oynatdı.Başqa erməni hərbçisi isə boğazı yırtıla-yırtıla bunları çərənləyirdi:
-Artsax bizimdir! Artsax Ermanistandır! Biz onu siza heç vaxt vermayacayıq, hunariz var alın…
Çavuş Tural Kazımovun qəzəbdən az qala gözlərindən qan damırdı.
-Qarabağ bizim doğma torpağımızdır! Qarabağ, Azərbaycandır! Bir gün o torpaqlarımızı işğaldan azad edəcəyik! Bilin ki, qisas qiyamətə qalmayacaq!
*** *** ***
Çavuş Tural gündüz vaxtı gizlincə plan qurmuşdu.Bütün gecəni dayanmadan sürünə-sürünə ermənilərin postuna tərəf irəlilədi.Saatlarla sürünməkdən dərisi didik-didik olmuş diz və dirsəklərinin qapağından qan damırdı.Ancaq bu yolda çəkdiyi məşəqqət onu zərrə qədər ağrıtmırdı.Ona əzab verən ancaq qisas yanğısının içini göynədən ağrı-acısı idi.Vaxt itirmədən canını yaxan bu ağrı-acını söndürməyə, yox etməyə tələsirdi.Turalın məqsədi erməni postunun yaxınlığındakı bir əsrə yaxın yaşı olan ağaca çatmaq və onun yoğun gövdəsindəki iri koğuşa sığınmaqdı.Üst-başını, sir-sifətini palçığa bələmişdi.Böyür-başına da ağacların sıx yarpaqlı nazik şaxlarından dolamışdı.Döyüşçü yoldaşı onu ölümə aparan yoldan döndərməyə çalışıb demişdi. “Kazımov, getmə! Sən açıq-aşkar ölümə gedirsən”
Lakin Tural əsgər yoldaşını dinləməyib tutduğu yola davam edərək bütün gecəni “yoruldum” demədən düşmənin postuna tərəf irəlilədi…
Bir neçə saat idi ki, həmin koğuşa girib qımıldanmır, böyük səbrlə qisas anını gözləyirdi.Ötən bu saatlar ərzində Xalqımızın başına gətirilən bütün qanlı hadisələr gözlərinin qarşısından keçdikcə, yuxularındakı o Şəhid əsgəri bir nəfəs qədər yanında duyaraq inamla pıçıldadı:
“Səbr et, Şəhid qardaşım, hamınız bir azca da səbr edin.Sizin güvəndiyiniz bu vətən əsgəri indi düşmənin cəzasını verəcək”
Nəhayət, yanğıyla gözlədiyi intiqam vaxtı gəlib çatdı.Posta keşik çəkən həmin o alçaq erməni hərbiçisi yoldaşlarıyla söhbət edirdi.Tural onları görməsə də, nə danışdıqlarını eşidir və hansı istiqamətdə dayandıqlarını müəyyən edə bilirdi.Bu vaxt bir erməni zabiti digərinə deyirdi:
-Ara, Levon, sanin vaxtın galdi, davay kuklanı işa sal.
-Ay sani, Tiqran, talasırsan deyasan.Yaqin bu kuçuyun sasi xoşuna galib xa…
-Ara, man yox e, bu axmaq Vazgen yaman xoşdayır o maxnını.Deyir har dafa eşidanda balaca qızım Anuş gəlib durur gozlarimin qabağında.
Bir qədər sonra Turalın əsas hədəfi olan Levon adlı erməni zabiti kuklanın düyməsini basdı.Ətrafa Azərbaycanlı qızcığazın şirin avazla oxuduğu gözəl nəğmə yayıldı: “Ay uzun saç, qara göz, ağıllı kuklam mənim.Gəl əlifba oxuyaq, sən şagird ol, mən müəllim…”
Erməni hərbiçilərindən biri bu nəğməni eşidən kimi özündən çıxaraq dəli kimi bağırdı:
-Kəs, o qancığın qarnından çıxanın sasini Levon! Alima duşa ağzının içini gullayla dolduraram onun.Niya bunu ermanı uşaxı oxumayıb?! Bizimkiların balaları qırılıb bayam?!
-Xırsanma , Aşotcan, xırslanma.Xabar edariy yuxarıda oturan brodyaqalarımız bu mahnıya da ancam çakarlar.Olar narodnıy armyanskı uşaq maxnısı.Boş ver bunları Aşot,keçmak lazımdı psixolojı taxribata.Klyanus brat, bu dafa türk asgarının qeyrat damarına ela mohkam basacam ki, ataşkası gulla nadı, topla, raketla pozacaqlar.
Bu sözləri deyən cəbhə xəttindəki əsgərlərimizin qəzəbini daha da alovlandıran, Şəhidlərimizin ruhuna dinclik verməyən Levon adlı erməni zabiti idi.O, əzbərlədiyi sözləri, cümlələri təkrar etdi:
-Ehey!!! Qorxaq Turk asgari! Tüpürüm sanin…
Azğın düşmən bu dəfə sözünü axıracan deyə bilmədi.Qəfil sıçrayışla hücuma keçib, düşmənin qarşısında şir kimi dayanan Azərbaycan əsgərinin avtomatından açılan güllələr təxribatçı Levonu cəhənnəmə vasil etdi.
Ermənilər Turalı atəşə tutdular.Ağır yaralanan igid döyüşçümüz işığı sönməkdə olan gözlərini doğma Vətənin səmasında dolandırıb qürur hissiylə dedi:
-Rahat yat, Şəhid qardaşım! Siz də rahat yatın, vətən yolunda həlak olmuş günahsız ana-bacılarım! Aldım qisasınızı yağı düşməndən.Susdurdum o şərəfsizi, susdurdum!…

Ruhiyyə Abbaszadə – media.info.az