Şair Muxtar: DOSTUM
Yevlax rayonunun Qoyunbinəsi kəndində Şair Muxtar kimi tanınan Muxtar Qurban oğlu Qurbanov 1900-cü ildə dünyaya göz açıb.
Yazı-pozu bilməyən şair Muxtar şeirlərini bədahətən söyləyərmiş. Söylədiyi şeirlərin hamısı yaddaşından silinməzmiş. Onun dediyi şeirlər məclislərdə dildən-dilə gəzmiş, bu gündə toy məclislərində, müğənnilər və xanəndələr tərəfindən oxunur.
Muxtar Qurbanov 1980-ci ildə dünyasını dəyişib.
Əziz oxucular, sizə təqdim etdiyimiz bu şeirlər də şairin nəvələrinin dilindən eşitdiyimiz, yadda qalan və heç vaxt heç bir yerdə çap olunmamış şeirlərdir.
Dostum
Gəlirin çoxalanda çox aşıb-daşma,
Şeytana baş verib qudurub çaşma.
Haqq yolun tərk edib nahaqqa qaçma,
Unutma Allahı yad eylə, dostum.
Vəzifən olanda özündən çıxma,
Yaxşılıq eyləyib tez başa çaxma.
Heç kəsə şər deyib evini yıxma,
Sındırma könlünü şad eylə, dostum.
Qoysalar anbara dağıdıb eşmə,
Əlinə keçəni tez yeyib şişmə.
Elə tərpən elin gözündən düşmə,
Çoxda şişib getmə xod ilə, dostum.
Aldanma bu dünyanın malına,
Dövlətinə, qızılına, puluna.
Düşərsən onların qeyli-qalına,
Qurular məhkəmə sud ilə, dostum.
Şair Muxtar çox düşüb dara,
Qadir Allah eyləyib dərdimə çara.
İnanmayıb dərdinə fağır-füğarə,
Yandırma qəlbini od ilə, dostum.
Ey dünya
Ey dünya, neçə kərə boşalıb yenə dolmusan
Sənəmi məhv edib özün qalmısan.
Adəmi, Həvvanı yola salmısan.
İsanı, Musanı neyləmisən, sən?
Saymadın padşahı o bəyi, xanı,
Məhv etdin Ruslanları, neçə Süleymanları.
Bəs kimlər sürəcək sənlə dövranı,
Neçə peyğəmbərləri fad eyləmisən, sən.
Yusif ilə Züleyxa, Şirinlə Fərhad,
Bəhram ilə Gülənbər qoymadı bir ad.
Əsli ilə Kərəm yandı etmədi imdad,
Leyli və Məcnunu divanə eyləmisən sən.
Fironu Firdovsi, birdə Harun qarını,
Neylədin onların dövlət varını.
Hanı haqq aşiğı, çalmır tarını,
Onların hekayətinı kimə söyləmisən, sən.
Yaşa səni, dünya səni min yaşa,
Əzrayılla nə durmusan, sən, qoşa.
Şair Muxtar da ömrünü vurubdur başa,
Nə qılıncını çəkib üstümə şöləmisən, sən.
Muxtar
Diş tökülüb, ovurdun batıb,
Yaşın həşdat beşə çatıb.
Atan-anan harda yatıb?
Sən də çıx get ora, Muxtar.
Yaşın keçib həşdat yaşdan,
Halallıq al qohum-qardaşdan.
Üzüsulu bəribaşdan,
Get qayıtma geri, Muxtar.
Dəryalarda naha balıq,
Rəhm eylə o bir xalıq.
Hardan gəldi bu qocalıq,
Səni saldı tora, Muxtar.
Köhnələndə kəsmir almaz,
Qocalanlar gedər qalmaz.
Loğman gəlsə mümkün olmaz,
Heç dərdinə çarə, Muxtar.
Daha bəsdir əkib biçmə,
Bəhs eyləyib bəhsi keçmə.
Çox çalışıb əldən düşmə,
Özünü salma zora, Muxtar.
Görürsənmi o bülbülü,
Cəhcəh vurur şirin dili.
Baxcasında qızıl gülü,
Qismət oldu xara, Muxtar.
Oğlun qızın gətirəcək,
Mətləbini bitirəcək.
Allah özü yetirəcək,
Çəkmə ahu-zar, ay Muxtar.
Səni görüb qolun gərir,
Şirin-şirin busə verir.
Əlli il sənlə ömür sürür,
O sevgili yar, ay Muxtar.
Oğlun qızın köçün salsın,
Nəvələrin yada salsın.
Axır sözün yaz qoy qalsın,
Sən də çıx get gora, Muxtar.
Muxtar Qurban oğlu Qurbanov