Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “İgidlərin sözü” antologiyasının təqdimatında çıxış edib – FOTO

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “İgidlərin sözü” antologiyasının təqdimatında çıxış edib.
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Beynəlxalq Muğam Mərkəzində şəhid, qazi, həmçinin müharibə iştirakçılarının şeir və esselərinin toplandığı “İgidlərin sözü” antologiyasının təqdimatında çıxış edib.
Q.Paşayeva tədbirin təşkilatçılarını, “SÖZ” layihəsinin rəhbəri Nigar Həsənzadəni, bütün qaziləri, şəhid ailələrini tarixi Zəfərin ikinci ildönümü münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm! Özəlliklə öz duyğu, düşüncələrini şeir və esseləri ilə ifadə edən şəhid, qazi, müharibə iştirakçısı olan igidlərimizə sayğımı ifadə edirəm. Bilirsiz, biz dövlət-xalq birliyi ilə tarixi uğura imza atmışıq – bu doğrudur, indi bu uğurun dastanlaşması, müxtəlif sənət sahələrində yeni obrazların yaradılması lazımdır. Əlbəttə, savaş gündəliklərinin, cəbhə xatirələrinin özünəməxsus şəkildə, uyğun bir üslubla tirajlanması da cəmiyyətimiz, yeniyetmələr və gələcək nəsillər üçün maraq kəsb edir. Bu mənada, “İgidlərin sözü” antologiyası, ümumən belə bir ideya, təşəbbüs özü bir uğurdur, bir xidmətdir.
Sizləri işğalçı Ermənistan üzərində tarixi Zəfərin ikinci ildönümü münasibəti ilə təbrik edib, hər birinizə möhkəm can sağlığı, işlərində yeni uğurlar, o cümlədən yaradıcılıq uğurları diləyirəm!
Bəli, tarixi Zəfərimiz ölkəmizin bütün vətəndaşlarının, Dünya Azərbaycanlılarının, Türk dünyasının, eləcə də, Xeyrin Şər üzərində qələbəsinə tərəfdar olan, işğallara, vandalizmə qarşı olan tərəqqipərvər bəşəriyyətin zəfəri dəyərində olan bir qalibiyyətdir. Şairin sözləri ilə desək, iki il öncə, “Müsəlləh əsgərəm mən də bu gündən” deyərək, qələmini avtomata, yazı masasını, iş odasını səngərə dəyişən hər bir yaradıcı insanın məhz haqq işi uğrunda, ədalət uğrunda savaşda qazandığı zəfərdir bizim Zəfər! İgidlərimizin özü də, sözü də haqqın-ədalətin bərpasına xidmət edib.
Bu gün Şuşada, işğaldan azad etdiyimiz digər şəhər və kəndlərimizdə dalğalanan müqəddəs bayrağımız hər birimizin qürurudur!
Sizləri bir daha təbrik edir, şəxsi işlərinizdə, həyatınızda yeni başarılar diləyirəm”!
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi və şair Nigar Həsənzadənin təşəbbüsü ilə həyata keçirilən “Söz” ədəbi layihəsinin nəşri olan antologiya 2021-ci ildə çapdan çıxıb. Beynəlxalq Muğam Mərkəzində ədəbi-musiqili tədbirlə təqdimatı baş tutan kitabın ideya müəllifi Nigar Həsənzadə, redaktoru Aida Eyvazlı Göytürkdür.
Antologiyada Aprel şəhidləri və II Qarabağ müharibəsi şəhidləri, həmçinin Vətən müharibəsi iştirakçılarının bədii örnəkləri toplanıb.
Bu təşəbbüsün həyata keçirilməsində məqsəd ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparmış igid oğulların bədii yaradıcılıq örnəklərini ictimaiyyətə təqdim etməkdir.