Əlizaman Baxış yazır: “YEDDİ OĞULUN BİR BACISI RUHİYYƏ”… FOTO
YEDDİ OĞULUN BİR BACISI RUHİYYƏ
Cəlilabad ziyalıları onu zarafatla belə adlandırırlar. Zarafatla deyilsə də, burada bir həqiqət də var: onu həm ailədə yeddi qardaşın bir bacısı adlandırırlar, həm də hələlik Cəlilabadda yeganə yazar qadın olduğu üçün yazıçı və şairlər onu özlərinin bir bacısı kimi qəbul eləyiblər.
Yazıçı Ruhiyyə Abbaszadə ilə qiyabi tanışlığımız Cənub.az saytında onun haqqında verdiyim yazı ilə başlamışdı. Bu yazıda onun yaradıcılığından bir neçə sətir və şeirlərindən nümunələri təqdim eləmişdim. Sonra bu yazıçı xanımla Feezbok vasitəsilə dostluq əlaqəsi yaratdıq və onun təqdim elədiyi şeir və hekayələri oxumağa da başladım. Düzü, onun yaradıcılığındakı səmimiyyət, yurd-vətən sevgisi, dostluğa, sevgidə sədaqətə aid hiss və duyğuları nəzərimi cəlb eləmişdi. Bir neçə dəfə yazılarına rəy də yazmışdım və qiyabi tanışlığımız səmimi dostluğa çevrilmişdi. Elə bu səmimi münasibətimizin nəticəsi olaraq bu yaxınlarda Biləsuvar Mədəniyyət Mərkəzindəki “Pəncərə” həvəskar teatr truppasının Ruhiyyə Abbaszadənin “Qisas” hekayəsinin motivləri əsasında səhnələşdirdiyi eyniadlı tamaşaya ondan dəvət aldım. İştirak etdik və gözlədiyimizdən artıq təəssürat yarandı. Beləliklə, onun yaradıcılığına marağım daha da artdı. Ona görə də onun sonuncu kitabı olan “Yazılmamış məktublar” kitabını əldə elədim.
Kitabda Ryhiyyənin şeirləri və hekayələri yer alıb. Öncədən deyim ki, Ruhiyyə xanım yaradıcılığa başladığı ilk günlərdən hər iki janrda əsərlər yazsa da, o, özünü yazıçı hesab edir və bu janra daha çox üstünlük verdiyini deyir. Amma mən kitabla tanış olandan sonra onun hər iki janrda uğurunun şahidi oldum. Kitab şeirlərlə başlayır. Şeirlərində həyat, insan, sevgi, dostluq, Vətən, Torpaq haqqında səmimi hiss və duyğularını ifadə edən şair oxucunu duyğulandıra və düşündürə bilir. Özünün daxili əzablarını sətirlərə hopduran şair “Əzab sevgisi” şeirində əzaba öyrəşərək hətta onu sevməyə başladığını deyir:
Elə varlığıma çökdü ki əzab,
Eh.. nələr ömrümə əkdi ki, əzab,
Bu ürək o qədər çəkdi ki əzab,
Sevməyə başladım əzab çəkməyi.
Ruhiyyə Abbaszadə əslində bütün yazılarında insanlarla sanki dialoq qurur, onlara ürəyindən keçən səmimi hisslərini aşılamaq istəyir, onlara insan kimi yaşamağa çağırış edir:
Elə bilmə dünya sənə qalandı,
Dünya evi özü boyda yalandı.
Hara getsən, əcəl zəngi çalandı,
Axı hara tələsirsən, ay adam!
Şair sevgisində də sədaqətlidir, səmimidir, özü nümunə olaraq bunu şeirlərində gənclərə təlqin eləməyə çalışır:
Hər gün xəyalını, təbəssümünü,
Adını qəlbimə bağışlayıram.
Bütün günahını misralarıma,
Mən səni şeirimə bağışlayıram!
44 günlük Vətən Müharibəsində tarixi qələbəmizdən ruhlanan şairənin Şəhidlərimizin ruhuna ürək ağrısı ilə həsr etdiyi şeirlərində bir ana qəlbinin hiss və həyəcanlarını görürük. Həm də maraqlı cəhətlərdən biri də odur ki, ruhuna ürək ağrısı ilə şeirlər yazdığı Şəhidlər konkret adı ilə göstərilir, onun tanıdığı insanlardır. Məsələn, “”Şəhid Famil Ağaşovun əziz xatirəsinə”, Şəhid Rəfail İşiyevə həsr etdiyi “Şəhid yarım, hardasan” şeirlərinin qəhrəmanları şairin şəxsən tanıdığı insanlardır. Şəhidlərin valideynləri ilə görüşlərdən aldığı təəssüratlardan qaynaqlanan şeirləri də təxəyyülün məhsulu yox, konkret həyatda olan insanlara həsr edilmişdir. “Ey şəhid anası, şəhid atası” şeiri bu baxmdan ürək titrədən, həyəcan yaradan nümunədir:
Qayıtdı ruhumuz, Cənnət Qarabağ,
İllərin kamına çatdı bu torpaq.
Şəhidlər qanıyla ucaltdı bayraq,
Ey Şəhid anası, Şəhid atası!
Yuxarıda qeyd elədiyimiz kimi, Ruhiyyə Abbaszadə əsas janr kimi nəsrə daha çox münasibət bəsləyir, sanki uğurlarını bu sahədə görür. Bu barədə yazıçı nə qədər haqlıdır, mənim üçün demək çətindir. Çünki onun yaradıcılığı ilə tanış olandan sonra mən o qənaətə gəldim ki, onun şeirləri bədii dəyər baxımından hekayələrindən geri qalmır. Hətta onun şeirləri mənə daha xoş təsir bağışladı.
“Yazılmamış məktublar” kitabında yazıçının on beş hekayəsi yer alıb. Hekayələrində də yazıçı vətənpərvərlik ruhunda, torpaqlarımızın azdlığında qəhrəmanlıq göstərmiş oğullarımızın igidliyindən, onları böyüdüb tərbiyə vermiş valideynlərin çəkdiyi əzablardan, dözümdən söhbət açır, insanların bir yumruq kimi birləşərək düşmənin başını əzməyindən inandırcı nümunələr gətirir, oxucunu həm həyəcanlandırır, həm də ona vətənpərvərlik duyğuları aşılayır. “Üç güllə yarası” hekayəsində şəhid olmuş oğlu ilə xəyalən söhbət eləyən ana oğlunun dediyi:”Mənim yaram bir dənə deyil, ana. Son döyüşdə üç güllə yarası almışam. Toxunsaydın, bilərdin qanı axan yaralarımın yerini…”
Bu arada oğlunun komandiri ilə zəngləşən anaya bildirirlər ki, onun oğlu döyüşlərdə aldığı üç güllədən qəhrəmancasına şəhid olmuşdur. Bu sətirləri oxuyan oxucu ana duyğularının həssaslığına inanır. Bu, yazıçının qələbəsidir.
Kitabdakı “Qisas”, “Cənnətdən gələn səslər”, “Yazılmamış məktublar” hekayələrində də yazıçı uğurunu görürük. Bu hekayələrdə də vətənpərvərlik ideyaları çox sənətkarlıqla işlənmiş, oxucu yazıçının səmimiyyətinə inanır, hadisələr inandırıcı nəql edilir. “Yazılmamış məktublar” hekayəsində şəhid olmuş igid heç üzünü görüb tanımadığı bir cavan oğlanın yuxusuna girir, ona deyir ki, evimizdə mənim yadigarım var, valideynlərimə de, axtarıb tapsınlar. Oğlan onun yaşadığı kəndə gəlir, valideynləri ilə görüşür və gördüyü yuxunu onlara danışır. Onlar evi axtarıb oğlunun müharibədən qayıdandan sonra sevgilisinə yazacağı, lakin ağ vərəq kimi saxladığı yazılmamış məktubları və nişan üzüyünü tapırlar. Hekayə o qədər inadırıcı yazılıb ki, oxucu sona qədər həyəcan keçirir, yadigarın nə olduğunu intizarla gözləyir.
Kitabda sevgi, sevgiyə sədaqət, məhəbbəti yolunda hətta intihar eləməyə belə hazır olan gənclər haqqında da hekayələr xüsusi diqqət çəkir. “Sənsizliyin ölümü” hekayəsi bu baxımdan daha emosional və bir qədər də romantik üslubda qələmə alınmışdır. İki gənc bir-birlərini sevsə də, oğlan artıq bir neçəsini aldadaraq “ovlayan” yalançı, qız isə ona bütün varlığı ilə bağlanan, inanan əsl sevgilidir. Hekayənin sonunda oğlanın yalançı sevgisi ifşa olunur, o, səhvini başa düşür, qızın sədaqətli sevgisi qarşısında peşman olduğunu etiraf edir, hətta peşimançılığının təsirindən avtomobil qəzasına düşür. Sonda hər iki aşiq sevginin cazibəsindən qaça bilmir və əsər pozitiv sonluqla bitir. Oxucu onların sevgisinə inanır.
Ailə, onun möhkəmliyində hər iki ailə başçısının məsuliyyəti haqqında yazılan “Qatillər” hekayəsi müasir həyatımızın qarşısında duran spirtli içki və narkomaniya aludəçilərinin ailədə törətdiyi faciələrə həsr edilib. Ata hər gün evə içkili gəlir, yaşca uşaq olan qızının gözü qarşısında arvadını təhqir edir, döyür. Növbəti dəfə cana doyan qız polisə zəng eləyə bilir və polislər gəlib kişini həbs edirlər. Lakin ərinin şirin dillərinə inanan qadın qızının atası olduğu üçün onu bağışlayır, onu azad edirlər. Amma evə gələn kimi kişi yenidən qadını söyür və bıçaqla onu ölümcül yaralayır. Nəhayət, polislər yenidən işə qarışırlar, kişini həbs edirlər, qadın isə möcüzə nəticəsində sağ qalır. Bu hekayədə də yazıçı ailələrdə baş verən narazılıqların, ayrılmaların səbəblərini göstərir, bundan ən çox əziyyət çəkən uşaqların halına acıyır və oxucunu belə hallardan çəkindirmək üçün tutarlı dəlillər göstərə bilir.
Digər hekayələrində də yazıçı həyatı, insanları, insanlar arasında münasibətləri xüsusi bacarıqla, sevgilə, səmimi şəkildə qələmə alır. Hadisələrin təhkiyəsi sadədir, xalq danışıq dilinin ədəbi dillə qaynağından yarandığından şirindir, oxunaqlıdır.
Bu kitabda Ruhiyyə Abbaszadə yaradıcılığının az bir qismi ilə tanış olsaq da, onun yaradıcılığında – istər şeirdə, istərsə də nəsrdə əldə etdiyi uğurlar sevindiricidir. Hiss olunur ki, ədəbiyyatımıza öz dəst-xətti ilə, yaradıcılıq manerası ilə fərqlənən yazar gəlir.
Hörmətli yazıçımız Ruhiyyə Abbaszadəyə uğurlar diləyirik.
Əlizaman BAXIŞ, yazıçı-publisist – media.info.az