Əfrahim Hüseynlinin söz dünyasından…

ƏLLƏRİM UZUN DEYİLSƏ

Gümanı dardan asdırsam,
Yolçunu yolda azdırsam,
Haqqı nahaqqa basdırsam,
Ürək, günahımdan keçmə!

Yolum sazaqla döyülsə,
Gedib namərdə əyilsəm…
Əllərim uzun deyilsə,
Çörək, günahımdan keçmə!

Dadına yetər olmasam,
Səsləsən, dinər olmasam,
Yağışa dönər olmasam,
Çiçək, günahımdan keçmə!

Bu ocağa enə bilsən,-
Odumu söndürə bilsən,
Yolumdan döndərə bilsən,
Külək, günahımdan keçmə!

YENƏ GECİKƏSƏN BİRİNCİ DƏRSƏ…

Yağan yağışın da üzü dönməyə,-
Ağac başqalaşa, daş başqalaşa.
Əriyə-əriyə qaralan bulud,
Adam olanlarla qala baş-başa

Çətiri unudub gələn adamın
Ayaq səsini də güman biləsən.
Addımlar batıra yağış səsini,
Nə yağış bezdirə. nə tələsəsən…

Sonra tuş gələsən baxışlarına
“Daş-qaya” bildiyin qonşu Muradın.
Yağış nəfəsini dərməmiş hələ
Sonra küçə-küçə yayıla adın.

Yağış arzuladım yusun yolları
Yusun cığırlardan izlərə qədər
Uzanan gecə də yağışdan çıxa
Başqa səhər ola açılan səhər.

Mən belə demədim, bu yağış altda
Yenə də gümandan uzaq olasan.
Sonrasa, sonrasa bir yol olmaya,-
Üz tutub getməyə girinc qalasan.

…Çətirsiz,fllansız uzun gecəni
Qalasan yağışla nəfəs- nəfəsə.
.. Yorulub, yorulub yatıb qalasan,
Yenə gecikəsən birinci dərsə…

MƏNDƏN XƏBƏRİN
OLDUMU

Yadındamı
O axşam?-
Sənə zəng eləmişdim…
-Unut məni, unut hər şeyi.-
Deyib,
Asmışdım dəstəyi.
…Dönürdüm evə sarı,
açılmaq istəmirdi
metro stansiyasının
qapıları…
Hər gün
Endiyim pilləkənlər
Tanımırdı ayaqlarımı.
Qatarın səsi
Deşırdi qulaqlarımı.
Gedırdim üzü küləyə,-
Çıxmaq istəyirdim
Küçəyə.
Ekskalator da işləmirdi…
Elə bil
Var imiş kini.
Gözlərimin içinə baxırdı
Tavandan
asılan yazılar – sual kimi.
…O gecə pencərəmi
səhərədək
külək döydü.
Çaşıb, qonşu Muradın
Qapısını döydüyümsayaq
Doğma qapı da
Üzümə ağ idi, ağ.
…Yadındamı o axşam?-
Sənə zəng eləmişdim;
-Unut məni, unut hər şeyi,-
deyib
asmışdım dəstəyi…
Doğru de,
Gözlərin doldumu?..
Eh… məndən xəbərin oldumu?

Əfrahim Hüseynli – Pressaz.az