Əfrahim Hüseynlinin söz dünyasından….

DAHA HEÇ OXUMA ŞEİRIƏRİMİ….

Hecası pozulan misralar kimi
İndi nə desən də, qəlbimə yatmaz.
Daşı əritsə də etiraf…filan…
Şaxtaya, soyuğa, sazağa batmaz.

Mən elə yollardan çıxıb gəlmişəm,
Sirrli nə qayası, dolayı qalıb.
Bir güman xətrinə pay etmək üçün
İllərin nə günü, nə ayı qalıb.

Qalmışam payızla qış arasında
Uzaq gümana da yol-bərə yoxdu.
İşə bax, deməyə dilim də gəlmir,
-Eh, nahaq bir adam qarşıma çıxdı!

Günahlar üçürub bəndi-bərəni
Baharın sellənən yağışı kimi.
Dayanıb qarşımda sadəlövhlüyüm
Ayların illərin qarğışı kimi.

Gözümə yad olan yuxularım da
İndi mənim üçün yuxu kimidi.
Arayıb gəzməyin mənası yoxdu,-
Günah sahibi kim, haqlı kim idi.

Daha heç oxuma şeirlərimi
Gərək olmadısa bir qəlbiidaşa.
Özündən xəbərsiz gözündən düşər
Qalan günlər-aylar, il başdan-başa.

 

BƏLKƏ XƏBƏRSİZSƏN?..

Sən elə bilmə ki, yaz-payız ötüb,
Daha yol tapılmaz yağan qar üstə.
Yarpaqlara dönüb o yaz günləri
Asılıb o doğma ağaclar üstə…

Bəlkə xəbərsizsən?.. bir adam hər gün
Yol azır nə vaxtdır xatirələrdə.
Olub-olanların burulğanında
Bir gerçəyə dönür xatirələr də.

…Elə bilirəm ki, uşağa dönüb
Qarşıma çıxacaq bacım, qardaşım…
Yenə Dərgah kişi çapır atını,-
Yenə olanlara qarışır başım.

Doğma nəfəslərə bürünür bu yurd,
Ağac da danışır, kol da danışır.
Dünyada ən böyük küçə bildiyim
Bizədək uzanan yol da danışır.

Yenə imtahana çəkilir ömür,
Təzədən tutulur sorğu-suala.
Hər gün sel-sularla üz-üzə qalır
Aylarla, illərlə qurulan qala.

Sonrasa… görünmür gör neçə doğma,-
Gümanlar içində, bil, yaşayıram.
Axşam düşənədək beləcə hər gün
Çiynimdə ən ağır yük daşıyıram.

Yorulub-yorulub dönürəm evə,
Elə bilirəm ki, hamı oyaqdı.
Hardasan, hardasan, ay ev yiyəsi?-
Yenə tanış sükut üzümə ağdı…

…Bir səs eşidirəm, “oğul, sənmisən?”-
Ata yoxluğundan usanır gecə.
Qəriblik bürüyür həyət-bacanı,-
Sonrasa…sonrasa uzanır gecə…

 

 

Əfrahim Hüseynli – Pressaz.az