Əfrahim Hüseynli -Yeni şeirlər…VİDEO

YAXŞI Kİ, DÜNYANIN YAXŞILARI VAR

Yolların üstünü qar-boran alar,-
Nə kiçik bilinər, nə böyük olar.
Bizim çiynimizdə hər iş yük olar,
Yaxşı ki, dünyanın yaxşıları var.

Bulanan sularda boğular adam,
Dumanın içində yox olar adam.
Əl tutan olmasa yıxılar adam…
Yaxşı ki, dünyanın yaxşıları var.

Namərdlər nə yaxşı, nə də mərd bilər,-
Dinib – danışanda nə də hədd bilər.
…Beşi bilməsə də, biri dərd bilər,-
Yaxşı ki, dünyanın yaxşıları var.

Söz var öz gücüylə əridər qarı,-
Əzər yolu – izi kəsən daşları.
Sevinc yaşı olar bu göz yaşları,-
Yaxşı ki, dünyanın yaxşıları var.

Qədrini bilməsək bu göyün, yerin,
Dərdini çəkərik hər ötən günün.
Sevinc də gətirməz olan toy-düyün,-
Yaxşı ki, dünyanın yaxşıları var.

Süzülər fikrimdə hər olub-olan,
Bu gecə ötərmi, açılarmı dan?!
Dayan, ürəyimin ağrısı, dayan!-
Yaxşı ki, dünyanın yaxşıları var!

 

AYIM İMİŞ, İLİM İMİŞ GECƏLƏR

Bu ömür-gün yazilibmiş beləmi?
Öyrəşibsən sən gündüzə, eləmi?
Unut mənim sənə çatmaz əlimi,
Ulduz saymaq ölüm imiş gecələr.

Aylar keçir, illər ötür, yol yarı…
Kimsə görməz bu uzanan yolları.
Göz önündə zülmət edən yolları
Zülmət deyil, külüm imiş gecələr.

Gün aradıq, – çiçək olan, yaz olan,
Ürək oldu bir gümandan asılan.
Bu taleyə, bu qismətə yazılan
Ayım imiş, ilim imiş gecələr.

Sən duymadın bu dadını həsrətin;
Nə biləsən ya asandı, ya çətin.
Şirin yuxu gözlərinin qisməti,
Mənim üçün zülüm imiş gecələr.

Ay ürəyim, yaxın bildin sən kimi?!
Apaydındı olub – olan gün kimi.
Sən günahsız, mən günahkar… səhvimi
Özüm çəkən günüm imiş gecələr.

Həkim- şair Əfrahim Hüseynli – Pressaz.az