ƏFRAHİM HÜSEYNLİ POEZİYASINDAN – QAYITSAM BİR DƏ…

       QAYITSAM BİR DƏ…

İlahi, əlində çətin ha deyil,-
Qaytarsan, bahara qayıtsam bir də…
Daha yad görünməz, özgə görünməz
Ayları, illəri sürdüyüm yer də.

Həsrətin üstündən qara xətt çəkər
İllərlə yollara baxan bu ömür.
Ana nəfəsində, ata səsində
İsinər şaxtadan çıxan bu ömür.

Eh!.. bəlkə tanımaz kənd-kəsək məni,
Doğmalar seyrəlib, dostlar seyrəlib.
Dilsiz ağacından daşına qədər,-
Bu yerin üzündə nə var seyrəlib.

…Məni ahı tutar babam əkdiyi
Quruyan o qoşa tut ağacının.
Bir də bu bahardan uma bilmərəm
Uzun gecələrin bir əlacını.

Bir adam…bir adam görünməz gözə,
Ürəyimə yatmaz yenə bu bahar.
Yenə sadəlövhlük girinci ollam,
Yağar yollarıma, yağar yağış-qar.

Özüm bilə-bilə dumana düşüb
Bu qarda, yağışda azmaram daha!
Gecəylə gündüz də qarışıq düşməz,
Sevgi şeirləri yazmaram daha!

 

*******************

 

ÖMRÜ HAMITƏK YAŞASAN

Cavan bilir, qoca bilir,
Hamı taxtı uca bilir.
Əyri qapı aça bilir,
Doğru, düz elə-belədi.

Ömür nağılsayaqdısa,
Bilən yox kim oyaqdısa,
Ürəyimiz coyuqdusa,
Şaxta, buz elə-belədi.

Hər yükü çəkib daşısan,
Deyəcəklər ki, naşısan.
Qmrü hamıtək yaşasan,
Səksən, yüz elə-belədi.

 

Pressaz.az