Əfrahim Hüseynli” BİZİM QİSMƏTİMİZ BELƏ ÖMÜRDÜ” – FOTO
BİZİM QİSMƏTİMİZ BELƏ ÖMÜRDÜ
Ürək də dəyişib, bir sözə bənddi,
Yağış selə dönüb yuyacaq bəndi…
Bu ömür açılmaz bir qıfılbənnddi,
Bizim qismətimiz belə ömürdü.
Getdik harayına süfrə başından
Qəlbi kövrəyin də, qəlbi daşın da.
Əlacı biziksə, axan yaşın da…
Bizim qizmətimiz belə ömürdü.
Arzu var, muraz var düşüb düyünə,
İsinə bilmirik toya – düyünə.
Dözdük, acımadıq bu ömür-günə,
Bizim qismətimiz belə ömürdü.
Varsa da üstündə tanrı kölgəsi,
Bizi soraqlayar, gəzər bəndəsi.
Dərd yiyəsi qalıb, biz əriyəsi…
Bizim qismətimiz belə ömürdü.
Arzuya körpüyük, keçib gələn yox,
Dərdliyə sevincik, deyib-gülən yox.
Əriyən biziksə, bunu bilən yox,
Bizim qismətimiz belə ömürdü.
…Vaxt qısa, ötənlər uzaqda qaldı,
İllər ya yuxudu, ya da nağıldı?!
Başıma yığışan dostlar dağıldı,
Bizim qismətimiz belə ömürdü.
Taledən, ömürdən nəydi istəyim?
Nə zirvə, nə də ki, göydü istəyim!
Dərd olub qapını döydü istəyim,
Bizim qismətimiz belə ömürdü.
Hamıya yanırıq…daha nə xeyri?
Bir yan günəşlidi, bir yan qüzeyli.
Bacı da, qardaş da bizdən gileyli,
Bizim qismətimiz belə ömürdü.
Ürək də dəyişib, bir sözə bənddi,
Yağış selə dönüb yuyacaq bəndi.
Bu ömür acılmaz bir qıfılbənddi,
Bizim qismətimiz belə ömürdü.
ƏfrahimHüseynli – Pressaz.az