ƏFRAHİM HÜSEYİNLİ: DEMƏK, BU ÖMRÜ YAŞAMAMIŞAM HEÇ – VİDEO

DEMƏK, BU ÖMRÜ YAŞAMAMIŞAM HEÇ…

Evimizin arxasından
axan çayın şırıltısı
qulaqlarımdan gedibsə,
babamın düz həyətimizin ortasında
əkdiyi budaq-budaq quruyan qara tut ağacını
ürəyimdə də qurutmuşamsa,
Hər səhər alnımdan öpə-öpə
“ay oğul, dur, dərsə gecikirsən”
deyən anamın
səsini unutmuşamsa,
demək, bu ömrü yaşamamışam heç!

Dünyasını dəyişən sevdiyim insanları…
Nəzakət xalanı xatırlayanda
hər günüm bir il olub ötüşmürsə,
Ramazan kişinin alça ağacının
alçalarını
gərəksiz yerə kal-kal oğulayarkən
sındırdığımız budaqlar yadıma düşəndə,
qollarım sınıb yanıma düşmürsə,
demək, bu ömrü yaşamamışam heç.

…Yadındamı?-
ən gözəl şeirlərimi sənə yazmışdım, sənə.
oxuyub o şeirləmi
gizlin-gizlin özünlə öyünürdün bəlkə də,-
bahar bitməz görünürdü
uzanan yollar kimi.
Özünü hamıdan xoşbəxt bilirdin hər gün
bəlkə də…
birdən yağışlar yağdı,
yağdı payıza qədər…
…nə deyirdimsə,
yerinə düşürdü hər gün…hər səhər…
o yazdığım şeirlər bitən yazla bitibsə,
ya payız dumanında
sarı yarpaqlar kimi misra-misra itibsə,
demək, bu ömrü yaşamamışam heç!..

İlahi, sən yazdığın bu ömrü
yazdığıntək yaşadım.
yaşadım yazından payızına kimi…
yerinə düşmürsə
bu giley-güzar,
günahlarım üstə
yaz gileyimi.

 

Pressaz.az