Ədalət Qafarov poeziyasından: Vətən həsrəti…FOTO
“İZZƏT ” MMC-nin Təsisçisi və Direktoru “Ədalət İşığında” Ədəbi Birliyin sədri Qızıl Qələm media Mükafatı Laureatı, HÜQUQŞÜNAS-ŞAİR Qafarov Ədalət İzzət oğlu
Qafarov Ədalət İzzət oğlu 16 aprel 1966-cı ildə Cəbrayıl rayon Hovuslu kəndində anadan olub. 1973-83-cü il tarixdə doğulduğu kənd orta məktəbində təhsil almışdır. Sumqayıt şəhər 44 nömrəli Texniki Peşə Məktəbinə daxil olmuş və 1984-cü il tarixdə Hərbi xidmətə çağrılıb. 10 may 1986-cı il tarixdə Hərbi xidməti bitirərək Sumqayıt şəhərində 1 nömrəli Tresin Tikinti İdarəsində fəhlə olaraq işləməyə başlamışdır. Fəhlə işləyə-işləyə sentyabr 1992-ci tarixdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin I kursuna daxil olmuş və 1997-ci il tarixdə isə həmin Universiteti bitirmişdir. 02 sentyabr 1994-cü il tarixdə Sumqayıt şəhər Xalq Məhkəməsində Dəftərxana işində çalışmağa başlamışdır. 1998-ci ildə isə Məhkəmə İclas katibi (Hakim köməkçisi) vəzifəsində çalışmışdır. 01 dekabr 2000-ci il tarixdə həmin vəzifədən öz xahişi ilə azad olunmuşdur. 10 dekabr 2000-ci il tarixdən 14 noyabr 2007-ci il tarixədək Müstəqil Hüquq Məsləhətxanasında fəaliyyət göstərmişdir.
14 noyabr 2007-ci il tarixdən “İZZƏT” MMC-nin təsisçisidir. “İZZƏT” MMC Hüquq Məsləhətxanasının və Tədris Mərkəzinin direktor vəzifəsində çalışır. Ailəlidir 3 övlad atasıdır.
Milli Məclis və Bələdiyyə seçkilərində qeydiyyatdan keçərək namizəd olmuşdur.
“Qızıl Qələm” Media Mükafatı Laureatıdır.
“İçimizdə yurd adlı yaramız var” şeirlər kitabının müəllifidir.
“ƏDALƏT İŞIĞINDA” Ədəbi Birliyin rəhbəridir.
“Mənim Vətənim”, “Dünya yalan dünyadı”, “Zirvəyə doğru”, “Sevənlərin dünyası” Poeziya Antologiyasında və Dahi şairimiz M.Müşfiqin 110 illiyi ilə əlaqədar “Göyərçin əllər” Poetik topluda, İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı “CAHANA SIĞMAZAM” Almanaxında, “Ədalət yolu”, “Sabaha İnamla”, “XXI ƏSR, Ədalətli iş, Düzgün söz” qəzetində bir neçə şeirləri, “Azərbaycan Gəncləri”, “Kolxozçu”, “Sosialist Sumqayıtı”, “Ədalət yolu”, “İdeal Market” “Gündəm xəbər”, “Sabaha inamla” qəzetlərində məqalələri çapdan çıxmışdır.
Bir çox internet portallarda; “Sabaha-inamla.az”, “Sumqayıtfakt.az”, “Qərib.az”, “Manevr.az” “Pressaz.az” “Xəbərləcom.az”, “Ədalətyolu.az”, “Gündəmxəbər.az”, “Presspark.az” saytlarında onlarla şeirləri və kiçik məqalələri işıq üzü görmüşdür.
“XX-XXI Əsrin Yaradıcı İnsanları və Ziyalıları” və “Xan Çinarın Yetirmələri” kitablarının I və III yaradıcı heyətinin üzvüdür.
Övladlarının da Vətən üçün dəyərli şəxsiyyət olması üçün əlindən gələni əsirgəmir. Bununla yanaşı Hüquqşünas olaraq hər kəsə-özündən böyüklərə və öz yaşıdlarına hörmət, kiçiklərə qayğı göstərməklə hörmət qazanıb.
Müntəzəm olaraq öz vətənpərvər şeirləri ilə bir çox dövlət tədbirlərində çıxış edib.
YURD AĞLAR QALIB
Dəyişir zamanə, ötür illərim,
Silinmir yaddaşdan ötən günlərim,
Tar-mardır Qarabağ, dogma ellərim,
Əzəm düşmənimi, yurd ağlar qalıb.
***
Şairəm, qocaldım, ağardı saçım,
Dardadır Qubadlı, Füzuli, Laçın,
Cəbrayıldan başlayıb yolları açım,
Əzəm düşmənimi, yurd ağlar qalıb.
***
Zəngilan, Ağdamım darda qalıbdır,
Xocalı, Xocavənd odda yanıbdır,
Kəlbəcər, Şuşamız harda qalıbdır?
Əzəm düşmənimi, yurd ağlar qalıb.
***
Köçkünəm, qaçqınam mən bu şəhərdə,
Yaşayıram hələ də qəmdə, kədərdə,
Əzablar içimdə, dözürəm dərdə,
Əzəm düşmənimi, yurd ağlar qalıb.
***
İtirdim yurdumu, dağı, dərəni,
Neçə igidləri, neçə ərəni.
Sarılaq silaha, keçək bərəni,
Əzəm düşmənimi, yurd ağlar qalıb.
***
Ədalət, demə ki, mən qocalmışam.
Nədən saralmısan, niyə solmuşam?
İlahi qüvvədən sən güc almışam,
Əzəm düşmənimi, yurd ağlar qalıb.
VƏTƏN VARLIĞIMDIR
Vətən, varlığım ilə bağlıyam sənə,
Qəddimiz əyilməz heç vaxt düşmənə,
Əyandır dərdlərin, köməyəm sənə,
Dünya bir aləmdir, sənsə bir aləm.
**
Axı, bu dünyamın özü böyükdür,
Vətən anlayışı, sözü böyükdür,
Anamız Vətəndir, Vətəndir Ana!
Dünya bir aləmdir, sənsə bir aləm.
***
Bir qarış torpağın yandırır məni,
Bu gün də üstündə qalıbdır çəni,
Açılsın yurdumun, gülü, çəməni,
Dünya bir aləmdir, sənsə bir aləm.
***
Adın həm şərəfim, həm də şanımdır,
Vətən həm ürəyim, həm də canımdır,
Azərbaycan elim, həm də varımdır.
Dünya bir aləmdir, sənsə bir aləm.
***
Torpaq işğaldadır, yurdlarım talan,
İzzətoğlu, qələmin süngütək çalan,
Ölüb Vətənimin yolunda qalam,
Dünya bir aləmdir, sənsə bir aləm.
VƏTƏN HƏSRƏTİ
Hönkürüb-ağlamaq keçir içimdən,
Qəlbimi ağrıdır vətən yanğısı.
Didərgin olmuşam ellər içində,
Canıma od salıb yurdun yanğısı,
***
Məcununtək yurda divanə olub,
Salmışam çöllərə şair qəlbimi.
Bu ürək üzülüb, saralıb-solub,
Ağrıdır, sızladır həsrət qəlbimi.
***
Leylinin eşqinə yanan şam kimi.
Əriyib töküldüm mən dəryalara,
Ürəyimə dərd salıb yaralı etdin,
Dözməyir ürəyim, ahu-vaylara
***
Bağlıdır yurduma gedən yollarım,
Dözməyir bu ürək, partlayır, vallah!
Açılmır hələ də yurda yollarım,
Nə qədər dözəcəm görəsən, Allah.
***
Toylarda oxuyub çapan çalmağa,
Bu həvəs qalmayıb mənim içimdə
Ömür taleyimə gedən yollarım,
Bağlanıb, qalmışam zindan içində.
***
Köçkünəm, qaçqınam, ellər içində,
Ey dünya, sən məni haralı etdin?
Parça-parça, dilim-dilim olmuşam,
Yandırıb bu qəlbi yaralı etdin.
***
Qalxıbdır göylərə yanan bu ahım,
Dünyanın malında yoxdur tamahım.
Ya Rəbbim, yurdumu sən mənə qaytar,
Onlarsız hər günüm qaranlıq olar.
***
Yurdumda yağılar tikib saraylar.
Ədalət dözməyir, cəngi haraylar.
Qalmasın yurdlarım yağı düşmənə,
Bircə gün keçməsin gəlməsin aylar.
Könül Səssiz
Pressaz.az